Özəl bağçalarla bağlı İRAD: Bir çox ailələrin ödəmək imkanı olmur
Təhsil Problemləri İnstitutu tərəfindən Azərbaycanda 3-4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb oluna bilməmələrinin səbəbləri araşdırılıb.
Aztəhsil.com trend-ə istinadən xəbər verir ki, "3 və 4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması” layihəsi çərçivəsində aparılan araşdırmalara əsasən məlum olub ki, əsas səbəblər uşağın yaşadığı ərazidə məktəbəqədər təhsil müəssisələrinin olmaması və ya az olması, xəstəlik və ya əlillik, özəl məktəbəqədər təhsil müəssisələrində ödənişin çox olması və sair səbəblərdir. Azərbaycanda, xüsusilə Bakı şəhərində məktəbəqədər təhsil müəssisələrində mövcud yerlər azdır.
Layihənin yekun nəticələrində qeyd olunur ki, hər il yeni özəl bağçaların fəaliyyətə başlamasına baxmayaraq, özəl bağçalarda ödəniş orta gəlirli azərbaycanlı üçün yüksək hesab oluna bilər. Belə ki, özəl bağçalarda aylıq ödəniş orta hesabla 300-400 manat, daha keyfiyyətli özəl bağçalarda isə 600-700 manat təşkil edir. Aydındır ki, bir çox ailələrin bunu ödəmək imkanı olmur.