AMEA: "Ali təhsilli gənclərimiz iş axtarırlar, yeni iş yeri yaratmırlar"
"Azərbaycanda tələbələr təhsillərini başa vurduqdan sonra müəssisələrin qapılarına gedir və iş axtarırlar. Təəssüf olsun ki, bizim ali təhsilli gənclərimiz iş axtarırlar, amma yeni iş yeri yaratmırlar".
Məlumata görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Aparatının Elm və təhsil idarəsinin rəisi Əminağa Sadıqov deyib.
Onun sözlərinə görə, yeni gənc nəsil özü üçün iş yeri yaratmaq barədə düşünməlidir:
"Bəzən deyirlər ki, mən doktoranturanı bitirmişəm. Amma bu yanaşma kökündən dəyişməlidir".
Ə.Sadıqov elm sahəsində plagiatlığın da son dərəcə aktual olduğunu bildirib.
O qeyd edib ki, bu sahədə etik normalar pozulur:
"Çox asanlıqla bir alimin elmi tədqiqat işinin nəticələri istinad edilmədən, yeni elmi nəticə kimi verilir. Gənclərə tövsiyə edirəm ki, elmi işlərində yeni və köhnə elmi nəticələri qeyd etsinlər. Özlərinin kiçik elmi nəticələri olsa belə, onu qeyd etsinlər".