LDU-da yardımçı təsərrüfatında çay plantasiyası salınır
Lənkəran Dövlət Universitetində (LDU) aqraryönümlü ixtisaslarda tədrisin əyaniliyinə nail olmaq, tələbələrdə praktik vərdişləri formalaşdırmaq, elmlə təcrübəni uzlaşdırmaq məqsədi ilə çay plantasiyası salınır.
Aztəhsil.com xəbər verir ki, noyabrın 7-də LDU-nun yardımçı təsərrüfatında 0,50 hektar sahədə 12 min çay şitili əkilib.
Əkin prosesində fəal iştirak edən tələbələrə əkin texnologiyası, bitkiyə aqrotexniki qulluq, becərmə və suvarmanın təşkili barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, universitetdə bu il 1 hektara yaxın sahədə çay plantasiyasının salınması planlaşdırılıb. Böyük ixrac potensialı olan, dünya və daxili bazarda qiyməti və istehlak tələbatı artan çayçılığın inkişafı gələcəkdə LDU-ya həm də gəlir gətirə bilər.
LDU-nun yardımçı təsərrüfatında, həmçinin 5 hektar sahədə sitrus bağlarının salınması və digər əkinlərin keçirilməsi də nəzərdə tutulub.