Özünüidarə statusu ləğv edilən universietlərdə maliyyələşmə necə olacaq?
Prezident İlham Əliyev "Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında” 2017-ci il 21 iyun tarixli sərəncamının tətbiqi ilə əlaqədar hər iki universitetin özünüidarə statusunu ləğv edib.
Bakı Dövlət Universiteti və İqtisad Universitetinin yenidən dövlətdən maliyyələşməsi universitetlərə necə təsir edəcək? Bu sərəncamın tam detalları nədən ibarətdir?
Aztəhsil.com xəbər verir ki, modern.az saytı məsələyə aydınlıq gətirilməsinə çalışıb.
Bakı Dövlət Universitetinin rektorunun maliyyə işləri üzrə müşaviri, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Məzahir Sultanov saytımıza açıqlamasında deyib ki, məsələnin detalları ilə tam olaraq tanış deyilllər.
"Yay aylarında İqtisad Universiteti və Bakı Dövlət Universitetinin publik hüquqi şəxsə çevrilməsi haqqında prezident tərəfindən sərəncam imzalanmışdı. Həmin sərəncama əsasən, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan universitetlərə çevrilmə yolu ilə yenidən təşkil ediləcəkdi. Ola bilsin ki, bu, əvvəlcədən özünüidarəetmə haqqında mövcud qanunvericiliklə ziddiyyət təşkil etdiyindən həmin qərarların işə düşməsi haqqında cənab prezidentin belə sərəncamı olub. Bir qədər əvvələ nəzər salmaq istərdim.
Belə ki, 2000-ci ilin 13 iyulundan mərhum Heydər Əliyevin BDU-ya özünümaliyyələşdirmə muxtariyyəti verilməsi haqqında fərmanı vardı. BDU-da o zaman digər ali təhsil müəssisələrindən fərqli olaraq dövlət büdcəsindən ayrıca sətirlə maliyyələşmə işi aparıldı. Bu sistemə sonradan o vaxtkı Azərbaycan Neft Akademiyası, Tibb Universiteti, Kənd Təsərrüfatı Akademiyası da qoşuldu. Onların da dövlət büdcəsindən maliyyələşməsi ayrıca sətirlə qeyd olundu”.
Məzahir Sultanov deyir ki, 2010-cu ildə ali təhsil müəssisələrində özünümaliyyələşdirmə mexanizmi ilə bağlı sərəncam imzalanıb.
"Bu da ali təhsil müəssisəsinin özünümaliyyələşdirməsi üçün müsbət hal idi. Sonra isə 2012-ci ildə özünümaliyyələşdirmə mexanizmi haqqında qanuna dəyişikliklər baş verdi. Burada hər bir tələbəyə çəkilən xərcdən söhbət gedir. İlkin olaraq 2010-cu ildə Nazirlər Kabinetinin bu fərmanından irəli gələn məsələlərə görə tələbələrin illik xərci bizi qane etmirdi. Çəkilən xərcin tərkibində təqaüdlər də vardı. Bu məsələdən təqaüdləri çıxandan sonra yenidən BDU-nun müstəqil tələbə fəaliyyətini həyata keçirməsi üçün az vəsait qalırdı.
Sonradan bu məsələ yenidən işlənildi və təqaüdü ayrıca bir sətirlə dövlət büdcəsindən verdilər. Bu vaxt hər tələbəyə çəkilən xərc nisbətən qaldırıldı. Həmin metodla bu günə kimi fəaliyyət göstəririk. Amma o demək deyil ki, biz dövlət büdcəsindən maliyyələşmirik. Müvafiq icra hakimiyyəti orqanının vasitəsilə maliyyələşirik. BDU 2010-cu ildən öz-özünə maliyyələşmə prosesini bu günə kimi əldən verməyib. Çünki Azərbaycan üzrə dövlət sifarişlərinin çoxu bizə gəlir”.