Azərbaycanlı tələbələr birinci oldular
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən "Salut Talantov” VII Beynəlxalq Musiqi Festivalında Azərbaycan Milli Konservatoriyasının İfaçılıq (Xalq Çalğı Alətləri – Tar) fakültəsinin III kurs tələbəsi Orxan Zeynalov və konservatoriyanın müəllimi Nərmin İsgəndərova (Fortepiano) ilə 1-ci yerə layiq görülüblər.
Aztəhsil.com oxu.az-a istinadən xəbər verir ki, bu haqda məlumat konservatoriyanın mətbuat xidmətindən bildirilib.
O.Zeynalov və N.İsgəndərova festivalda Səid Rüstəmov və Tofiq Quliyevin "Qaytağı” əsərlərini ifa ediblər.
Ümumilikdə, 45 ölkədən 850 iştirakçının qatıldığı festivalın ilk günündə təmsilçilərimiz 1-ci yerə layiq görülərək, Qala konsertə dəvət alan 25 iştirakçı siyahısına daxil ola biliblər. Qala konsertdə uğurlu çıxışla yadda qalan O.Zeynalov və N.İsgəndərova professional ifaçılıq və artistizmə görə xüsusi "Diplom”la təltif olunublar.
Xatırladaq ki, Orxan Zeynalov AMK-nın dosenti Əməkdar müəllim Yusif Vəliyevin tələbəsidir.