Diaqnostik qiymətləndirmədən sonra müəllimləri hansı sınaq gözləyir?
"Azərbaycanda diaqnostik qiymətləndirmə nəticəsində hər hansısa bir işçinin işdən azad olunması nəzərdə tutulmayıb”.
Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib. Onun sözlərinə görə, bu vaxta kimi nazirlik tərəfindən yalnız müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilib. Gələcəkdə müəllimlərin sertifikasiya və attestasiyası həyata keçirilə bilər: "Amma bununla bağlı hansısa konkret göstəriş yoxdur. Qiymətləndirmə nəticəsində müəllimlərin işdən çıxarılması nəzərdə tutulmayıb. Yalnız sertifikasiya və attestasiya nəticəsində işdən çıxarılma ilə bağlı qərarlar ola bilər”.
E. Bağırov əlavə edib ki, yeni tədris ilinin əvvəlindən diaqnostik qiymətləndirmədən keçirilən müəllimlərin inkişaf yönümlü təlimlərə cəlb olunması nəzərdə tutulub. Bununla bağlı Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda xüsusi proqramların, layihələrin hazırlandığını deyən nazirlik rəsmisi vurğulayıb ki, ilkin olaraq, hansı kateqoriyadan olan müəllimlərin təlimlərə cəlb ediləcəyi müəyyənləşəcək.