Müəllimlər sanatoriyalara yollayış ala bilirlər?..
Yay mövsümünün gəlişi ilə əlaqədar təhsil işçilərinin də məzuniyyəti başlayır. Mövsümlə əlaqədar Azərbaycandakı müalicə-istirahət obyektlərinə - sanatoriya və kurortlara yollayış əldə etmək istəyənlərin sayı da tədricən artır. Müalicə-istirahət məkanlarına yollayış əldə etmək istəyənlər arasında təhsil işçiləri - müəllimlər də var.
Sosial şəbəkələrdəki müzakirələr sözügedən sahədə vəziyyətin heç də ürəkaçan olmadığını əks etdirir. Bəzi müəllimlər sanatoriya və kurortlara yollayış ala bilmədiklərini iddia edir, həmkarlar təşkilatını biganəlikdə suçlayırlar.
AzEdu.az saytı məsələ ilə əlaqədar öncə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasına sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq bildirilib ki, ittifaqın hər bir üzvü olan müəllim yerli həmkarlar ittifaqlarına ərizə ilə müraciət edərək istirahəti və müalicəsi üçün yollayış ala bilər.
“Yollayış növbəlik əsasında verilir və qiymətin yalnız 15 faizi üzv tərəfindən ödənilir, qalan 85 faizi isə həmkarlar ittifaqı verir. Əgər müraciət müalicə ilə bağlıdırsa, bu zaman həkimin arayışı təqdim edilməlidir. Müalicə üçün verilən yollayış bir nəfər üçün nəzərdə tutulur, istirahət üçün isə belə bir məhdudiyyət yoxdur”.
Ən çox hansı istirahət yerlərinə göndərişlərin təşkil olunduğu ilə bağlı isə bildirilib ki, həmin məkanlar müxtəlif bölgələri əhatə edir, sanatoriya və kurortlar isə Bakı şəhərində və Abşeron yarımadasında yerləşir.
Müəllimlərin bir çoxu həmkarlar təşkilatlarının fəaliyyətindən narazıdırsa, bu nədən irəli gəlir?
Təhsil eksperti Nadir İsrafilovun fikrincə, yaranan ziddiyyəti və problemin kökünü Həmkarlar İttifaqının rəyasət heyətində, onun yerli təşkilatlarının mahiyyətində deyil, tərəflər arasındakı qarşılıqlı münasibətlərin düzgün qurulmamasında axtarmaq lazımdır.
“Bildiyim qədər, bu gün Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi respublikanın müxtəlif bölgələrinin, eləcə də paytaxt rayonlarının yerli komitələrinin, ümumtəhsil ali və orta ixtisas təhsili müəssisələrinin müəllim və tələbə həmkarlar ittifaqı təşkilatları ilə sıx və qarşılıqlı əlaqələr qurur, onların sosial, maddi və mənəvi stimullaşdırıması və mükafatlandırılması üçün bütün imkanlarından istifadə edir, müəllim, şagird, və tələbələrin rəğbətləndirilməsi üçün müxtəlif adlı mükafatlar təsis edir. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi üzvlərinin müalicə və istirahətinin təşkil edilməsi də daim diqqət mərkəzində saxlanılır. İttifaqı Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən «Təhsil» İstirahət Mərkəzi 2013-cü ilin iyun ayından öz qapılarını qurum üzvlərinin üzünə açıb. «Təhsil» İstirahət mərkəzində eyni vaxtda 260 nəfərin istirahət etməsi mümkündür.
Hansısa məktəblərdə müəllimin həmkarlar ittifaqının fəaliyyətindən narazı olması kimi hallar da istisna deyil. Hesab edirəm ki, ümumi narazılığı və yaranan ziddiyyəti İttifaqın rəyasət heyəti və yerli həmkarlar təşkilatlarının mahiyyətində deyil, tərəflər arasındakı qarşılıqlı münasibətlərin düzgün qurulmamasında axtarmaq lazımdır. Çünki səmərəli əlaqələrin qurulması sayəsində İttifaqın xidmətlərindən – pul mükafatlarından, turist səfərlərindən, istirahət mərkəzlərinə göndəriş almalarından yararlanan müəllimlərimiz heç də az deyil. Buna görə də problemin kökünü mahiyyətdə deyil, məhz münasibətdə axtarmaq daha düzgün olar…”.