85 bal toplayan namizəd müsahibə mərhələsində düzgün qiymətləndirilməyib.
Müəllimlərin işə qəbulu üzrə keçirilən İbtidai sinif müəllimliyi ixtisası imtahanında iştirak edərək 85 bal toplayan namizəd (müəyyən səbəblərə görə ad qeyd olunmur) müsahibə mərhələsində düzgün qiymətləndirilməyib.
Turantv.az xəbər verir ki, şikayətçi şəxs bu barədə sosial şəbəkədə yazıb.
O, Cəlilabad rayonunun Əliqasımlı kəndi Ə.Əsədov adına tam orta məktəbində vakant yer tutduğunu, lakin daha aşağı bal toplamış digər müəllimi işlə təmin olunduğunu iddia edib:
“Prezident aparatına müraciət etdim, onlayn formada məndən müsahibə aldılar. Suallara tam cavab verdiyim halda məni “əzbərləyibsən” deyərək günahlandırdılar. Onların fikri ilə qətiyyən razı deyiləm. Onların bu münasibəti qərəzli və haqsız münasibətdən başqa bir şey deyil. Yəni ortada tam sizi əmin edirəm ki, təmannalı münasibət olub. Kimisə rüşvət yolu ilə mənim tutmalı olduğum vakansiya yerində yerləşdiriblər. Mənim bu gün haqqımı tələb etməyə tam mənəvi əsasım var. Mənim iki qardaşım 44 günlük Vətən müharibəsində iştirak edib, müxtəlif medallarla təltif olunub. Valdeynlərimin bu gün mənə və ailəmə maddi cəhətdən kömək etməsi pis təsir edir. İbtidai sinif müəlliminin 85 bal toplayaraq bu gün təhsilindən kənarda qalması haqsızlıqdan başqa bir şey deyil. Bir ibtidai sinif müəlliminə qarşı edilmiş haqsızlıq bağışalanmamalı, vakansiya yerində kiminsə yerləşdirilməsi ciddi araşdırılmalıdır”.
Qeyd edək ki, iddialarla bağlı Elm və Təhsil Nazirliyinə, həmçinin Lənkəran-Astara Regional Təhsil İdarəsinə müraciət olunub, qurumların cavabı barədə məlumat veriləcək.