Komitə sədrindən məktəblilərin intiharları ilə bağlı AÇIQLAMA
“Bu məsələlər istər sosial mediada, istərsə də ənənəvi jurnalistikada mütəmadi müzakirə ediləcək. Bu, hər cür fikir bildiriləcək məsələ deyil”.
Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərin məktəblilər arasında intihar halları ilə bağlı suallarını cavablayarkən deyib.
O bildirib ki, belə məsələlər adətən peşəkarlıq tələb edir:
“Bu məsələnin müzakirəsində, yanaşmasında peşəkarlıq önəmlidir. Əlbəttə ki, bu cür hadisələr bizim hər birimizi narahat edir. Ailələrimizdə olan durum, uşaqların və yeniyetmələrin vəziyyəti, rastlaşdıqları problemlər bizim qarşımıza çıxır. Bizim də borcumuz ondan ibarətdir ki, bütün aidiyyəti dövlət qurumları, cəmiyyət və media, insanlar, o cümlədən ailələr bu məsələni daim diqqətdə saxlayaq”.
“Yeniyetməlik dövrünü hamımız yaşamışıq və bu dövr çox ehtiyatlı davranmağı tələb edir. Ona görə də bu mövzuya və onun müzakirəsinə də həddən artıq həssaslıqla yanaşmaq lazımdır. Müvafiq qurumlar hər zaman əlaqəli şəkildə işləyirlər. Nəzərə almaq lazımdır ki, bu, insanın fərdi-psixoloji durumuna bağlı olan məsələdir. Bəzi hallarda düşüncələr bir, nəticələr isə başqa ola bilir. Ona görə də ehtiyatlı davranmaq, öz vəzifəsinə ciddi yanaşaraq bu halların qarşısının alınması üçün hər kəs öz öhdəliyini layiqincə yerinə yetirməlidir”, - deyə komitə sədri qeyd edib.Oxu.Az