Elmin İnkişafı Fondu: Əsas Qrant Müsabiqəsinə layihə qəbulu davam edir
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu Əsas Qrant Müsabiqəsini elan edib.
Fondun mətbuat xidmətindən bildirilib ki, “Əsas Qrant Müsabiqəsi – 2022”nin proqramı qabaqcıl texnologiyaların, kəşflərin sayını artırmaq, perspektivli inkişafı genişləndirmək üçün nəzərdə tutulub. Bu müsabiqə elmi tədqiqatlardan tutmuş layihə nümayişinə və innovasiyalara qədər geniş spektrli fəaliyyəti dəstəkləyir. Əsas məqsəd müsabiqə əsasında ayrılan maliyyə vəsaiti hesabına elmi səviyyəni yüksəltmək və yeganə meyar olan tədqiqatın elmi əhəmiyyətini rəhbər tutaraq alimlərin özləri tərəfindən təklif olunan mövzular üzrə tədqiqatları dəstəkləməkdir. Fondun qrantları tədqiqat qrupları tərəfindən həyata keçirilən layihələrə ayrılır. Perspektivli gənc alimlər, eləcə də öz elmi sahəsində lider olan tədqiqatçılar bu qrant üçün müraciət edə bilərlər. Müraciət edənlərin yaşı, eləcə də tədqiqatın tematik sahələri ilə bağlı heç bir məhdudiyyət yoxdur.
Müsabiqədə iştirak etmək üçün layihələr iyunun 30-dək qəbul olunacaq. Nəticələrin 2022-ci ilin sonunda açıqlanması planlaşdırılır.
Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulur. Bu barədə əlavə məlumat Fondun internet səhifəsində (http://sdf.gov.az/az) dərc olunacaq. Müsabiqəyə təqdim olunduğu gündən etibarən, layihələrə baxılacaq və nəticələri barədə iştirakçılara elektron qaydada məlumat veriləcək.