Təhsildə Keyfiyyət Təminatı Agentliyi səriştələrin tanınması məqsədilə imtahan təşkil edəcək
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) turizm sahəsində iaşə üzrə mütəxəssis, bağban-dekorator, baytar texniki, elektrik qaz qaynaqçısı və tikiş avadanlıqlarının operatoru, tikişçi peşə ixtisasları üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlar üçün təhsil sənədi əldə etmək imkanı yaradır.
TKTA-dan bildirilib ki, sözügedən ixtisaslar üzrə müxtəlif kurslarda, dərnəklərdə, fərdi məşğələlərdə təlim keçmiş və ya usta yanında, özünütəhsil yolu ilə bilik və bacarıqlara yiyələnmiş vətəndaşlar həmin səriştələrin qiymətləndirilməsi və tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilərlər.
İmtahanlardan uğur əldə edən ərizəçilərə müvafiq modul üzrə sertifikat, peşə ixtisasının bütün modulları üzrə sertifikat əldə edən namizədlərə isə ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənəd – diplom təqdim ediləcək.
Ərizəçilər müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumatla TKTA-nın saytında tanış ola və imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.