Təhsil naziri azad edilən ərazilərdə ali məktəblərin yaradılmasından danışıb
“Azad edilən ərazilərdə ali təhsil müəssisələrinin qurulmasına gəlincə qeyd edim ki, ölkədə son illərdə universitetə qəbul olan abituriyentlərin sayında əsaslı dəyişiklik, müsbət dinamika var”.
Bunu təhsil naziri Emin Əmrullayev Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” adlı elmi-praktiki konfransda “Azərbaycan təhsili: yeni çağırışlar, perspektivlər” mövzusunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, müstəqilliyin əvvəli ilə müqayisədə təxminən 3 dəfə qəbul sayı artıb: “Yenə də Azərbaycanda ali təhsilin əhatəliliyi azdır. Daha çox abituriyentin ali təhsil alması keyfiyyət faktorunu aşağı salmadan qarşıda duran hədəflərdən biridir. Bu mənada azad olunan ərazilərdə yeni universitetlərin tikilməsi iki hədəfə çatmağa qısa yol kimi görünə bilər. Bir tərəfdən həmin ərazilərdə universitetlərin açılması oraya gənc nəslin geri qayıtması və yaşaması, eyni zamanda ölkədə olan ali təhsillə əhatəlilik faizinin daha da artmasına səbəb ola bilər”.
Nazir bildirib ki, Qarabağda icra olunan layihələr öz-özlüyündə elmi araşdırmalar, innovasiyalar tələb edir: “Bu tipli elmi tədqiqatların olması ali məktəblərin qarşısında yeni imkanlar açır. Çünki hər dəfə müzakirələrimizdə universitetlərdə elmin nisbətən zəif inkişaf etməsində elmi layihələrdə sifarişlərin az olması ilə əlaqələndiririk. İnandığım ondan ibarətdir ki, həmin ərazilərdə sadalanan layihələrin icrası və ya planlaşdırılması elmi tədqiqatlar üçün böyük sifarişdir. Bu sifarişləri düzgün nizamlasaq layihələrin səmərəli və keyfiyyətlilik əmsalı artmış olar. Qarabağın bərpası yəqin ki, növbəti 15-20 il üçün ölkə iqtisadiyyatı, təhsili və digər sahələrin ən böyük uğur hekayəsi olacaq. İşin icrasında dövlət başçısına can sağlığı arzu edirəm. Təhsil ictimaiyyəti olaraq bu uğur hekayəsinin bir hissəsi olmaqdan böyük qürur duyuruq”.