AzTehsil.com


Xəbərlər
26 aprel 2017
3 164


DİM: 120 mindən çox şagirdin yalnız 22 faizi ötən il XI sinfi başa vurub



DİM: 120 mindən çox şagirdin yalnız 22 faizi ötən il XI sinfi başa vurub

 

"2016-cı ildə XI sinfi bitirən şagirdlər I sinfə 2005-ci ildə daxil olub. Təhsil Nazirliyinin məlumatına əsasən, 2005-ci ildə I sinfə qəbul olan şagirdlərin sayı 123935 nəfər olub. 2014-cü ildə IX sinfi bitirən şagirdlərin sayı 114649 nəfər təşkil edib. 2014-cü ildə IX siniflər üzrə buraxılış imtahanında faktiki olaraq 111868 nəfər iştirak edib. Həmin ildə 2781 nəfər şagirdin buraxılış imtahanında bu və ya digər səbəbdən iştirak etmədiyini nəzərə alsaq, 2005-ci ildə I sinfə daxil olan şagirdlərin 7,5 faizi ümumi orta təhsil almayıb və ya onların təhsil haqqında heç bir məlumatı yoxdur”.
 
Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi "Abituriyent” jurnalının 12-ci sayında yazılıb.
 
Bildirilir ki, 2014-cü ildə IX sinif üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin sayı 111868 nəfər olub və onların 18 faiz təhsilini davam etdirməyib. Bu kontingent buraxılış imtahanında əsasən "2” və "3” qiymət alanlardır. Belə zəif nəticə göstərənlərin təxminən 73 faiz kənd məktəblərini təmsil edir. IX sinfi bitirənlərin yalnız 6 faizi təhsilini peşə liseylərində və orta ixtisas təhsili müəssisələrində davam etdirib. Şagirdlərin qalan 76 faizi isə 2016-cı ildə tam orta təhsilini başa vurub. Nəticədə 2005-ci ildə I sinfə daxil olan 123935 nəfər şagirdin 70 faizinin tam orta təhsil səviyyəsini, 22 faizinin isə ümumi orta təhsil səviyyəsini başa vurduğu məlum olub. 
 
Dövlət İmtahan Mərkəzi 2016-cı ildə ali məktəblərə qəbul üçün ərizə verən, lakin qəbul olmayan kontingentin sonrakı 5 ildə neçə faizinin ali məktəblərə qəbul olacağını proqnozlaşdırıb. Bu proqnoza əsasən, həmin kontingentin təxminən 18 faizinin sonrakı 5 il ərzində ali məktəbə qəbul olacağı ehtimal olunur. 2005-ci ildə I sinfə qəbul olan 123935 şagirdin 62 faizi əmək bazarına heç bir peşə və ixtisas üzrə təhsil almadan çıxacaq.
 
apa.az
 
 
 



Загрузка...