“Xarıbülbül” inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin İkinci Qarabağ müharibəsinin ildönümü münasibətilə IX-XI sinif şagirdləri arasında keçirdiyi “Xarıbülbül” inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Mərkəzin direktoru professor Sevinc Əliyeva “Xarıbülbül” inşa müsabiqəsinin Vətən müharibəsində əldə olunan Zəfərin şagirdlərdə yaratdığı təəssüratı öyrənmək, onlarda vətənpərvərlik hissinin formalaşmasına müvəffəq olmaq məqsədilə təşkil edildiyini deyib. Bildirib ki, eyni zamanda, məktəblilərdə düzgün yazı vərdişlərinin qazanılmasına kömək etmək və onları yazıda ədəbi dil normalarına ciddi əməl olunmasına təşviq etmək nəzərdə tutulub. O, Azərbaycan xalqına Zəfər sevincini yaşadan şəhidlərə, qazilərə ehtiramı ifadə edib, 30 ildən sonra tarixi ədalətin bərpa olunmasının məhz Müzəffər Ali Baş Komandanın siyasi iradəsi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində mümkün olduğunu diqqətə çatdırıb.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Birinci Qarabağ müharibəsinin qazisi Qədim Qubadov işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsini tariximizin ən parlaq səhifəsi adlandırıb. O qeyd edib ki, bu müharibədə iştirak edən qəhrəmanların ömür yolu, Vətən sevgisi gənclərdə vətənpərvərlik ruhunun formalaşmasında müstəsna rol oynayır. Qəhrəmanlıqları ilə dastan yazan igid oğullarımızı yad etmək, xatırlamaq hər birimizin üzərinə düşən müqəddəs vəzifədir.
Müsabiqənin münsiflər heyətinin sədri, mərkəzin Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri dosent Şahlar Məmmədov diqqətə çatdırıb ki, bu qəbildən olan müsabiqələr şagirdlərdə tədqiqatçılıq və yaradıcılıq qabiliyyətlərini üzə çıxarmaq, dil qaydalarını bilmə və tətbiqetmə bacarığını müəyyənləşdirmək məqsədi daşıyır. Şahlar Məmmədov inşa müsabiqəsinə göndərilən yazıların yoxlanma prinsipləri və qaliblərin seçilmə meyarları ilə bağlı ətraflı məlumat verib. O bildirib ki, müsabiqə qaydalarına uyğun olan 32 inşa yazısı maksimal 10 ballıq sistemlə qiymətləndirilib, münsiflər heyətinin yekun qərarına əsasən qaliblər müəyyən olunub. Vurğulayıb ki, müsabiqədə iştirak edən məktəblilərdə vətənpərvərlik ruhu yüksəkdir, lakin yazı qaydalarını bilmə və tətbiqetmə bacarığı zəifdir. Bəzi inşalarda internetdən köçürmə faktları mövcuddur, belə hallar isə şagirdin tədqiqatçılıq qabiliyyətini məhdudlaşdırır, müstəqil düşünməyə, sərbəst mühakiməyə mane olur.
İnşa müsabiqəsinin mahiyyəti və şərtləri haqda ətraflı məlumat verildikdən sonra qaliblər elan edilib. “Xarıbübül” inşa müsabiqəsində birinci yerə Nəsimi rayonu İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın 11 A sinif şagirdi Tuba İsayeva, ikinci yerə Xəzər rayonu 230 nömrəli tam orta məktəbin 10 A sinif şagirdi Pərvanə Kərimzadə, üçüncü yerə isə Nəsimi rayonu 151 nömrəli tam orta məktəbin 9 A sinif şagirdi Müjgan Eminli layiq görülüblər. Qaliblərə və onların təhsil aldığı məktəbin rəhbərliyinə fəxri fərman və hədiyyələr təqdim olunub. 7 şagird isə inşa müsabiqəsində xüsusi seçildiyinə görə təltif edilib.
Tədbirdə iştirak edən Vətən müharibəsi qazilərinə hədiyyələr təqdim edilib, onların çıxışları dinlənilib.