“Azərbaycanın Zəfəri” adlı Respublika festivalının qaliblərinin mükafatlandırılması mərasimi və qala konsert keçirilib.
Uşaq və gənclər arasında hərbi yaradıcılıq kollektivlərinin“Azərbaycanın Zəfəri” adlı Respublika festivalının qaliblərinin mükafatlandırılması mərasimi və qala konsert keçirilib.
Cari ilin noyabrın 9-da Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş uşaq və gənclər arasında hərbi yaradıcılıq kollektivlərinin “Azərbaycanın Zəfəri” adlı Respublika festivalının qaliblərinin mükafatlandırılması mərasimi və qala konsert keçirilib.
Festivalın məqsədi milli qürurun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən misilsiz qələbənin qeyd olunması, gənc nəsildə vətənə, torpağa məhəbbət hissinin artırılması, hərbi-vətənpərvərlik ruhunun və milli-mənəvi dəyərlərin təbliği, uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin aşkar edilməsi, həmçinin Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın əziz xatirəsinin ehtiramla yad edilməsi, müasir ordumuzun gücünün təbliği və gənclərimizin mərd, cəsur, cəmiyyətə yararlı vətəndaşlar kimi formalaşdırılmasından ibarətdir.
“Azərbaycanın Zəfəri” adlı Respublika festivalına Bakı şəhəri və respublikamızın regionlarından solo, duet, kollektiv olmaqla 4 yaş qrupunda (10 – 13, 14 – 17, 18 – 21 və qarışıq yaş qrupları) vokal, xor, xoreoqrafiya, hərbi ansambl nominasiyaları üzrə 500-ə yaxın iştirakçı müraciət edib, ümumilikdə, əsasnamədə qeyd olunan texniki tələblərə cavab verən 104 videoçarx finala vəsiqə qazanıb. Göndərilən 104 videoçarx arasından 40-ı münsiflər heyəti tərəfindən seçilib.
9 noyabr 2021-ci il tarixində 17.00-18.30-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında baş tutmuş qala konsertdə Bakı şəhəri və regionlardan 152 nəfərdən ibarət 12 kollektiv – Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzindən “Cücələrim” ansamblının Qavaldaş nağara ritm qrupu, Kürdəmir rayon Uşaq İncəsənət Məktəbi, Bakı şəhəri 2 saylı Uşaq İncəsənət Məktəbi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey, Kürdəmir rayon Uşaq İncəsənət Məktəbi, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının vokal qrupu, Leopold və Mstislav Rostropoviçlər adına 21 saylı Uşaq Musiqi Məktəbi, Ağdam şəhər Xan Şuşinski adına Uşaq Musiqi Məktəbi, Şuşa şəhər Niyazi adına Uşaq İncəsənət Məktəbi, Samux Uşaq İncəsənət Məktəbi çıxış ediblər.
Qala konsert 200-ə yaxın festival iştirakçılarının və qonaqların iştirakı ilə keçirilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.