Beynəlxalq riyaziyyat müsabiqəsinə qeydiyyat davam edir
Təhsil İnstitutu tərəfindən noyabrın 14-də şagirdlər üçün təşkil olunacaq Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinə qeydiyyat davam edir.
Müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır. Müsabiqə Azərbaycan, rus və ingilis dillərində keçiriləcək və 90 dəqiqə davam edəcək. 1-ci, 2-ci və 3-cü yerləri tutmuş şagirdlər diplom və medal ilə təltif ediləcək, digərlərinə isə iştirak sertifikatı təqdim olunacaq.
Müsabiqədə iştirak etmək istəyən şagirdlər mütləq qaydada onlayn qeydiyyatdan keçməli, ödəniş etməli və buraxılış vərəqəsini çap etməlidirlər. İştirak üçün ödəniş məbləği 13 manatdır. Qeydiyyat Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi tərəfindən noyabrın 7-dək onlayn aparılacaq.
Qeyd edək ki, müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində keçirilir.