DİM imtahanların keçirilməsi ilə bağlı mühüm yeniliklər edib
Son beş ildə Dövlət İmtahan Mərkəzi (DİM) imtahanların keçirilməsi ilə bağlı mühüm yeniliklərə imza atıb.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, 2015-ci ildə V qrup yaradılıb və xüsusi qabiliyyət tələb edən ixtisaslar bu qrupa daxil edilib. İlk dəfə olaraq sual kitabçaları hər bir abituriyent üçün xüsusi avtomatlaşdırılmış xətt vasitəsilə (bu xətt xüsusi olaraq TQDK-nın keçirdiyi imtahanlar üçün sual kitabçalarının çapı və komplektasiyasını həyata keçirir) fərdi qaydada çap olunub və imtahan zalları üzrə komplektləşdirilib.
2017-ci ildə abituriyentlərə ilk dəfə olaraq I-IV ixtisas qrupları üzrə iki dəfə imtahan vermək imkanı yaradılıb. 2018-ci ildə I-IV ixtisas qruplarının hər iki imtahanında iştirak edən abituriyentlərə ikinci imtahanı birincidəkindən fərqli ixtisas qrupu üzrə vermək imkanı yaradılıb.
2019-cu ildə ilk dəfə olaraq ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki mərhələdə keçirilib. Abituriyentlər qəbul imtahanının birinci (maksimal toplanıla bilən bal – 300) və ikinci (maksimal toplanıla bilən bal – 400) mərhələlərindən topladıqları ümumi balların cəminə (maksimal toplanıla bilən bal – 700) əsasən ali təhsil müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak ediblər. Cari ilin məzunları üçün qəbul imtahanının birinci mərhələsinin nəticəsi kimi onların buraxılış imtahanında əldə etdikləri nəticələr götürülüb. İmtahanın ikinci mərhələsi iki dəfə (yaz və yay sessiyaları) keçirilib və hər iki sessiyada iştirak edən abituriyentlərə yay sessiyasında imtahanı birincidəkindən fərqli ixtisas qrupu üzrə vermək imkanı yaradılıb. V ixtisas qrupu üzrə abituriyentlər qəbul imtahanının birinci mərhələsinin (həmin ilin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanın) nəticələrinə əsasən ali təhsil müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmişlər.
İlk dəfə olaraq imtahanda bacarıq və vərdişlərin qiymətləndirilməsi üçün abituriyentlərə yazılı şəkildə cavablandırılması tələb olunan test tapşırıqları təqdim olunub. Yeni imtahan modelinə uyğun keçirilən qəbul imtahanında şagirdlərə hər fənn üzrə 30 tapşırıq təqdim olunub. Tapşırıqların 22-si qapalı (çoxseçimli), 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlar olub.
İmtahanda abituriyentlərin xarici dillər üzrə qrammatika, oxu və söz ehtiyatı ilə bağlı bilik və bacarıqlarla yanaşı, onların dinləyib-anlama bacarıq və vərdişləri də qiymətləndirilib.
Orta ixtisas təhsili pilləsi üzrə “subbakalavr” peşə-ixtisas dərəcəsi almış şəxslərə (subbakalavrlar) qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq hüququ verilib.
Beynəlxalq səviyyədə akkreditasiya olunan “Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme)”, “Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education)” və “Yüksək yerləşdirmə (Advanced Placement)” təhsil proqramları üzrə təhsil almış abituriyentlərə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq imkanı yaradılıb.
Azərbaycanda koronavirus pandemiyasının təsirlərini nəzərə alaraq 2020-ci ildə ali təhsil müəssisələrinə qəbul prosesində bir sıra dəyişikliklər tətbiq edilib. İmtahan verənlərin rahatlığını təmin etmək və virusa yoluxma təhlükəsini azaltmaq üçün imtahanlar yalnız rayon mərkəzlərində deyil, ucqar kənd məktəblərində də keçirilib. İmtahan mərkəzlərinin sayı iki dəfədən çox artırılıb. İmtahan mərkəzləri iki gün əvvəldən dezinfeksiya olunub, möhürlənərək mühafizə olunması üçün DİN-in rayon (şəhər) şöbələrinin (idarələrinin) əməkdaşlarına təhvil verilib. İmtahan verənlər binalara ayrı-ayrı saat intervallarında dəvət edilib.
Binalara buraxılışı təmin edən şəxslər xüsusi geyim forması, maska, sipər və əlcəklə, bütün imtahan iştirakçıları isə tibbi maska ilə təmin olunub. Girişdə imtahan iştirakçılarının hərarəti ölçülüb.
Şagirdlərin hər partada bir nəfər olmaqla, 2 metr məsafə gözlənilməklə əyləşdirilməsi təmin edilib.
Sərt karantin rejimi müddətində hər imtahanqabağı imtahan verən və idarəetmə heyətinin üzvü kimi iştirak edəcək şəxslər haqqında məlumat müvafiq icazə sisteminə daxil edilmək üçün Daxili İşlər Nazirliyinə təqdim edilirdi.
Hər bir imtahan iştirakçısının imtahana gələrkən təqdim etməsi tələb olunan sənədlərinin siyahısına sağlamlıq haqqında bəyannamə də əlavə olunub.
Bəzi mövzular üzrə test tapşırıqlarından qəbul imtahanlarında istifadə edilməyib. Bu mövzular buraxılış siniflərində mart ayından sonra tədris olunan mövzular idi.
İmtahanda bacarıq və vərdişlərin qiymətləndirilməsi üçün abituriyentlərə yazılı şəkildə cavablandırılması tələb olunan tapşırıqların sayı azaldılıb. Yazı işlərini qiymətləndirən markerlərin işi onlayn rejimdə təşkil olunub.
2019-cu ildə qəbul imtahanının I mərhələsində iştirak etmiş abituriyentlərə 2020-ci ildə qəbul imtahanının I mərhələsində iştirak etmədən, əvvəlki il əldə etdikləri nəticə ilə müsabiqəyə qatılmaq imkanı verilib.
Buraxılış imtahanlarının keçirilmə tarixləri iştirakçıların sayını məhdudlaşdırmaq məqsədilə artırılıb. Qəbul imtahanının II mərhələsi yalnız bir sessiyadan ibarət olub.
V ixtisas qrupunda bəzi qabiliyyət imtahanı tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları keçirilməyib, abituriyentlər qəbul imtahanının birinci mərhələsinin (cari ilin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanın) nəticələrinə əsasən müsabiqədə iştirak ediblər.
“İmtahanın nəticəsi ilə bağlı elektron apelyasiya” sistemi və “Onlayn növbə” sistemi qısa müddət ərzində tərtib edilərək istifadəyə verilib.