"Çox təəssüf edirəm ki, uzun illər Azərbaycan təhsilini məhv edən, bataqlığa sürükləyən, təhsilə qohumbazlığı, yerlibazlığı gətirən insan bu gün Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvlərinə qarşı nalayiq ifadələr işlədib. Əslində onun işlətdiyi sözlər birbaşa onun öz fəaliyyəti ilə bağlı olan ifadələrdir. Həmin ifadələr onun öz fəaliyyətinə yaraşır.
Azərbaycanda bir məsəl var: "Adımı sənə qoydum, səni yana-yana qoydum”. Bu adam yaşına hörmət etmədən yenə Azərbaycan təhsili haqqında danışmağa cürət edir. Əslində Azərbaycanda təhsil barədə danışmağa haqqı olmayan bir nömrəli insan Misir Mərdanovdur. Vaxtı ilə nazirlikdə yaratdığı rüşvətxor şəbəkəni unutmamışıq”.
Bu fikirləri Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov Modern.az-a ötən gün Misir Mərdanovun şura haqqında işlətdiyi ifadələr münasibət bildirərkən deyib.
"Onun uzun müddət həm ali, həm orta, həm də kollec təhsilini məhv etməsi heç kimə sirr deyil. Məhz onun dövründə olan rüşvətxorluq, məktəb ərazilərinin satılması birbaşa onun adı ilə bağlıdır. Eyni zamanda, onun dövründə ali təhsil müəssisələrinə qanunsuz tələbə köçürmələri var idi, imtahan prosesində rüşvət tüğyan edirdi. Misir Mərdanovun təhsil naziri olduğu dövrdə bir müəllim, direktor belə rüşvət vermədən işə qəbul ola bilməzdi.
O, bu gün belə sözlərlə insanları çaşdırmaq istəyir. Düşünür ki, insanlar hər şeyi unudub. Bu gün akademiyada himayədarı Ramiz Mehdiyevlə bir yerdə oturmaqla, elə bilir ki, əhali onu bağışlayıb. Əslində bu gün Azərbaycan təhsilində olan bütün neqativlər onun zamanından qalma noqsanlardır.. Onun saxta diplomla işə qəbul etdiyi müəllimlər kifayət qədərdir və bu təhsili birbaşa inkişafdan geri qoyan məqamlardır. Uzun illər keçsə də, onun təhsilimizə vurduğu zərbələr tam sagalmayıb”.
"Ona görə də Misir Mərdanovun Şahlar Əsgərov kimi əxlaqlı bir insan haqqında aşağılayıcı fikir söyləməsi ciddi təəssüf doğurur. Əslində Şahlar müəllim Azərbaycanda çox kristal, təmiz və əqidəli insanlardan biridir ki, heç kim deyə bilməz ki, həm parlamentdə komissiya sədri olanda, həm universitetdə işləyəndə qanunsuz hərəkətə yol verib. Belə bir şey əlbəttdə ki, mümkün deyil.
Təhsil Naziri yanında İctimai Şurada Azərbaycanın nüfuzlu, təhsili bilən, savadlı təhsil mütəxəssisləri cəmləşiblər. İctimai Şuranın iki illik fəaliyyəti bir daha onu göstərdi ki, bu şura cəmiyyət, təhsil və dövlətimiz üçün faydalı işlərlə məşğul oldu.
Digər tərəfdən Misir Mərdanov qeyd edib ki, mən İctimai Şuraya daxil olmaq istəmirəm. Mənə maraqlıdır ki, heç onu şuraya qoyan varmı? İctimai şuraların formalaşması "İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Belə görünür ki, heç onun qanundan xəbəri yoxdur, İctimai Şura nədir onu bilmir. Onun Akademiyanın Riyaziyyat İnstituna rəhbərliyi dövründə bu qurum da çöküb və adı Biləcəridən o tərəfə çıxmır. Ora vaxtilə ölkəmizin çox görkəmli alimləri – İbrahim İbrahimov, Zahid Xəlilov, Fəraməz Maqsudov, Akif Hacıyev kimi böyük şəxsiyyətlər rəhbərlik ediblər, elmi məktəblər yaradıblar. İndi o məktəblərdən əsər-əlamət qalmayıb.”
İlqar Orucov qeyd edir ki, sadəcə bəzi insanlar var ki, ahıl yaşına gələndə müdrikləşir. Misir Mərdanovun nəvəsi mənim oğlumla sinif və parta yoldaşı olublar. Yeni, bizim aramızda xeyli yaş fərqi var. Həm də, tərbiyəm onun ifadə etdiyi tərzdə ona cavab verməyə imkan vermir. Amma, Azərbaycan təhsilini uçuruma sürükləyən insanın keçmiş fəaliyyətinə görə danışmağa haqqı ola bilməz. Təhsilin bugünki inkişafına baxıb özünü məzəmmət etmək əvəzinə, ziyalılarımıza qarşı nalayiq ifadələr və ittihamlar səsləndirir.
Misir Mərdanovun təhsil naziri olduğu dövrdə nazirlikdəki yaratımaz fəaliyyət Mikayıl Cabbarov nazir gəldikdən qısa müddətdə duzəltdi və ondan sonra təyin edilən nazirlər də xeyli yaxşı nümunələr ortaya qoydular. Əgər təhsildə rüşvətxorluğu yığışdırmagı təqdir ediriksə, imtahan proseslərində, tələbə köçürmələrində, müəllimlərin və direktorların işə qəbulunda, şagird və müəllim yerdəyişmələrində, müəllimlərin diaqnostik qiymətləndirmə prosesindəki şəffaflığı dəstəkləyiriksə yalağıq? Biz deyiriksə Misir Mərdanovun vaxtilə işə qəbul etdiyi müəllimlərin xeyli qisminin diplomları saxtadır o bizi təhqir etməlidirmi? Deputat Etibar Əliyevin dediyi kimi, bu adamı İctimai Şuranın kənarından belə içəri buraxmaq olmaz”.
"Onun vaxtında hər şey rüşvətlə bağlı idi. Şagirdlərin orta məktəbə qəbulunda belə rüşvət tələb edirdi. Bayramlarda məktəblilərdən kifayət qədər pul yığılırdı. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə 100 nəfər qəbul olunurdusa, buraxılışda 500 nəfər məzun olurdu. İndi bunlar yoxdu deyə biz bunları onun xələflərinin uğurlu fəaliyyəti sayırıqsa deməli Mərdanovun gözündə yaltaq gorsənirik? Adam sadəcə düşünməlidir ki, dediyi sözün mahiyyətində nə durur. Misir Mərdanov isə ifadələrində məsuliyyətsizlik sindromundan əziyyət çəkdiyinin fərqində deyil.
Mən düşünürəm ki, o adam halal və haramı bilsə idi, Allahı tanısa idi ən müqəddəs sahə olan təhsilə bu qədər ziyan vurmazdı. İnsan sadəcə olaraq özünə hesabat verməli, məsuliyyətini dərk etməli, Allah qarşısında tövbə edərək bağışlanması barədə dua etməlidir.”