Azərbaycan Valideyn-Müəllim Assosiasiyasının növbədənkənar yığıncağı keçirilib
"Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İctimai Birliyinin növbədənkənar 12-ci ümumi yığıncağı keçirilib. Yığıncaqda valideynlər, müəllimlər, şagirdlər, təhsil ekspertləri, media nümayəndələri, Bakı Təhsil İdarəsinin şöbə müdiri Şahin İskəndərov, Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, təhsil eksperti Nadir İsrafilov, Gənc Alimlər və Aspirantlar Birliyinin sədri İlqar Orucov, AMEA nümayəndələri, Gəncliyə Yardım Fondunun Vitse-prezidenti Salman Əliyev, QHT, mətbuat nümayəndələri, valideynlər, şagirdlər iştirak ediblər.
Aztehsil.com hurriyyet.org-a istinadən xəbər verir ki, yığıncaqda təşkilati məsələlərə baxılaraq yeni seçkili orqanlar seçilmiş, birliyin icraçı direktoru Şahin Rəcəbov seçilib.
Qeyd edək ki, "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İctimai Birliyi 2005-ci il aprelin 16-da Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondunun dəstəyi ilə yaradılıb.
Tədbirdə birliyin əsas yaradıcısı, ötən ilin noyabrında dünyasını dəyişən Təranə Şərifova ehtiramla yad edilib.
Bildirlib ki, ən böyük təhsil platforması sayılan birliyin məqsədi – valideynləri təlim-tədris müəssisələrinə cəlb etmək, uşaqlar üçün yararlı təhsil mühitini formalaşdırmaq, təhsilə ictimai nəzarəti təşkil etməkdir.
Bildirilb ki, birliyin şəhər və rayonlar üzrə 125-dək filialları var. Qazanılan təcrübə vasitəsilə birlik təhsilin inkişafı üçün uzunmüddətli töhvələrini verib, yüzlərlə tibbi, sosial, mədəni yönümlü, yerli və regional tədbirlər keçirib, məktəb infrastrukturlarının bütün komponentlərinin inkişafında daim dəstək olub, uşaqların təhsilinin keyfiyyətinin artırılması, asudə vaxtının səmərəli təşkili, təhsil iştirakçılarının - uşaqların, valideynlərin və müəllimlərin hüquqlarının qorunmasında öz sözünü deyib, onlarla uşaqların yaradıcılığını stimullaşdırıb, təqaüdlər ayırıb, uşaqların və təhsilin inkişafına yönəlik müxtəlif çoxsaylı layihə və proqramları icra eləyir.
AVMA İB ətrafında təhsil mütəxəssisləri, ekspertləri, əməkdar müəllimləri, fəal valideyn təbəqəsinin cəmləşməsi xüsusilə vurğulanıb. Bu valideyn hərəkatının təhsil islahatlarının həyata keçirilməsindəki rolundan danışılıb.
Birliyin icraçı direktoru Şahin Rəcəbov Hurriyyet.org-a açıqlamasında bütün təhsil ictimaiyyətini, təhsil iştirakçılarını, ekspertləri, valideynləri, müəllimləri və gələcəyimiz olan uşaqları, habelə, əlaqədar qurum və media nümayəndələrini VMA-nın işində fəal iştirak etməyə dəvət eləyib: "VMA ilə təhsilimizin inkişafına dəstək olaq”.
Tədbirdə alternativi olmayan ictimai birliklə əməkdaşlıq eləyən bəzi fəal məktəb direktorları, valideynlər, müəllimlər, təşkilat üzvləri, o cümlədən mətbuat nümayəndələri, həmçinin "Hürriyyət” qəzeti və Hurriyyet.org saytının əməkdaşı Sevil Hilalqzı AVMA İB tərəfindən fəxri fərmanla təltif olunub.