Azərbaycanda təhsil sahəsində islahatların əsas istiqamətlərindən biri də dərslik siyasəti ilə bağlıdır. Dərslik siyasətinin başlıca məqsədi məktəbliləri müasir standartlara uyğun bilik, bacarıq və vərdişlərə yiyələndirmək, milli və ümumbəşəri dəyərlər zəminində formalaşan, müstəqil həyata hazır və demokratik düşüncəli vətəndaşlar kimi yetişdirməkdir. Bu baxımdan dərsliklərin yüksək səviyyədə hazırlanması, məzmunca, formaca yeniləşdirilməsi, müasir təhsil standartlarına, milli kurikuluma cavab verməsi mühüm amillərdir.
Son illərdə ölkədə yeni dərsliklərin hazırlanması, onların məzmun və keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm işlər görülüb. Mövcud olan çatışmazlıqların aradan qaldırılması istiqamətində də işlər davam etdirilir. Qeyd edək ki, Təhsil Nazirliyi bu il ilk dəfə olaraq dərsliklərlə bağlı şagirdlərin fikirlərini öyrənməyi də planlaşdırır və onları bu sorğuda yaxından iştiraka dəvət edir. Belə ki, 2022-2023-cü tədris ilinə ölkənin ümumi təhsil müəssisələrinin III, VII və X sinifləri üçün təkmilləşdiriləcək dərsliklərə dair bu il həmin dərsliklərdən istifadə etmiş şagirdlərin fikirlərinin öyrənilməsi prosesinə başlanılıb. Bu məqsədlə "Virtual məktəb” platformasında dərsliklərlə bağlı sorğu yerləşdirilib. Hər bir dərslik üzrə sorğuya daxil olaraq irad və təklifləri yazmaq mümkündür.
Yeri gəlmişkən, 2016-cı ildən etibarən Təhsil Nazirliyi dərslik və metodik vəsait layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlayıb. Artıq 5 ildir ki, bu proses uğurla həyata keçirilir. Mütəxəssislər bildirirlər ki, ictimai rəyin öyrənilməsi həyata keçirilməzdən əvvəl, cəmiyyət dərsliklərlə tədris ili başladıqdan sonra tanış olurdu. Qəbul olunmayan bəzi məqamlarla bağlı fikirlər səsləndirilir, müzakirələr aparılırdı. Bu zaman Təhsil Nazirliyi hətta haqlı fikirlərlə rastlaşsa belə, onun nəzərə alınması mümkün olmurdu. Dərslər başlanıldığından, dərsliklər şagirdlər tərəfindən istifadə edildiyindən dərslikləri geri alıb, nələrisə dəyişib və yenidən paylamaq mümkün olmurdu. Bu problemlərlə üzləşməmək üçün yeni və ya təkmilləşdirilən dərsliklərə dair ictimai rəyin öyrənilməsi prosesi səmərəli vasitə hesab olunur.
Bundan başqa, Təhsil Nazirliyi tərəfindən elektron dərslik portalı (www.e-derslik.edu.az) 2014-cü ildə istifadəyə verilib. Portalın hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artırır, məktəblilər istənilən vaxt və istənilən məkanda dərsliklərə müraciət edə bilirlər. 2019-2020-ci ildə Təhsil Nazirliyinin www.e-derslik.edu.az portalından unikal istifadəçı sayı 1 103 257, portala ümumi daxilolma sayı 3 102 531, səhifələrə ümumi baxış sayı isə 22 466 350 olub.
2020-2021-ci tədris ilindən bütün dövlət ümumi təhsil müəssisələrində yeni dərsliklər də istifadəyə verilib. Dərsliklər sırasında I sinif "Azərbaycan dili (tədris dili)”, I sinif "Riyaziyyat”, I sinif "Azərbaycan dili (dövlət dili)” fənni üzrə dərsliklər yer alır. 2020-2021-ci tədris ilindən istifadəyə verilən yeni dərsliklər sırasında "Macmillan” Nəşriyyatının "İngilis dili” fənni üzrə 1-ci siniflər üçün hazırladığı "Happy Campers” dərsliyi də yer alır. "Edumedia-Azərbaycan” şirkəti tərəfindən yerli kontekstə və müvafiq təhsil proqramına uyğunlaşdırılan bu dərslik komplektinin məzmunu ibtidai sinif şagirdlərinin yaş psixologiyası xüsusiyyətləri nəzərə alınaraq, çoxlu sayda musiqi və didaktik oyunlardan ibarət dərs materialları ilə təchiz edilib.
Bu ildən etibarən həmçinin təlim digər dillərdə aparılan məktəblərdə Azərbaycan dili dövlət dili kimi yeni dərslik əsasında tədris olunur. Bu dərslik təlim digər dillərdə aparılan ibtidai siniflərdə Azərbaycan dilinin dövlət dili kimi tədrisi resursu olub, məzmun, quruluş və tərtibat konsepsiyası baxımından qabaqcıl beynəlxalq təcrübəyə əsaslanır.
Məsələ ilə bağlı bizimlə fikirlərini bölüşən Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib ki, dərsliklərin məzmunu və keyfiyyəti ilə bağlı mövzular həmişə müzakirə predmeti olub. Onun sözlərinə görə, dərsliklərdəki nöqsanlarla əlaqədar nəinki müəllim və valideynlər, hətta şagirdlər də öz iradlarını bildiriblər:
"Etiraf edək ki, Təhsil Nazirliyinin keçmiş rəhbərliyi bu məsələlərə laqeyd yanaşırdı və heç bir reaksiya vermirdi. Amma bu məsələ sonradan daha da ciddi narazılıqlar yaratdı. Bilirsiniz ki, ölkə başçısı keçmiş TQDK-ya dərsliklərin monitorinqinin həyata keçirilməsini həvalə etdi və indiki DİM də dərsliklərdə nöqsanlar olduğunu bir daha təsdiq etdi. Ondan sonra Təhsil Nazirliyi dərsliklərin yenilənməsi, təkmilləşdirilməsi ilə bağlı bir sıra mühüm tədbirlər həyata keçirdi. Belə ki, Təhsil Nazirliyinin nəzdində dərsliklərin qiymətləndirilməsi ilə bağlı şura yaradıldı. Daha sonra dərsliklərin ictimai müzakirəsi başlanıldı. İctimai müzakirənin üstünlüyü ondan ibarətdir ki, istənilən vətəndaş öz təkliflərini, iradlarını çatdırmaq imkanı qazandı. Eyni zamanda, Təhsil Nazirliyi ehtiyat dərsliklər buraxmağa başladı. Bundan başqa, www.e-derslik.edu.az portalı vasitəsilə şagirdlərdə dərslikləri elektron formatda oxumaq bacarığı formalaşdırıldı. Bu vasitə ilə şagirdlər onlayn formada və ya əvvəlcədən yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanırlar. Bu da, öz növbəsində, təhsilalanların öyrənmə prosesinin fərdiləşməsinə şərait yaradır. Bir sözlə, bu sahədə aparılan işlər təqdirəlayiqdir və şagirdlərin dərsliklərlə bağlı fikirlərinin öyrənilməsi də həyata keçirilən işlərin davamı kimi qiymətləndirilməli və təqdir edilməlidir”.
Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov isə deyib ki, dünyanın sürətlə inkişaf edən təhsil sistemlərində keyfiyyət dəyişikliklərinin əsasında dövrün reallıqlarına cavab verməyən tədris vəsaitləri və resurlarının yenilənməsi durur:
"Son illərdə dünyanın ən yaxşı təhsil sisteminə malik olan Sinqapurun bu sahədə əldə etdiyi nailiyyətlər də ciddi maraq doğurur. Təhsil Nazirliyi də belə bir zəmində dərsliklərin təkmilləşdirilməsi istiqamətində Sinqapurla əməkdaşlığa geniş önəm verir. Bu sahədə artıq ilkin addım atılıb. Məqsəd təcrübə mübadiləsi etmək, təbiət fənləri üzrə təhsil proqramlarını, habelə dərslik komplektlərini təkmilləşdirməkdir. Demək olar ki, bu gün artıq dünyanın bir sıra ölkələrində riyaziyyatın, fizika və kimyanın tədrisi zamanı sinqapurlu metodistlərin də iştirakı ilə "Sinqapur metodu”ndan istifadə edilərək nailiyyət əldə olunur”.
Mütəxəssis vurğulayıb ki, Nazirlər Kabinetinin Qərarı ilə "Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” təsdiq olunub. Sənədə əsasən V sinifdə "Təbiət” fənninin tədrisi planlaşdırılır. Bu məqsədlə Sinqapur nəşriyyatı ilə birgə layihənin ilkin mərhələsində xarici mütəxəssislərin konsultasiyası əsasında ibtidai təhsil səviyyəsində təbiət elmlərinin tədrisi üzrə kurikulum, təlim və tədris materialları təhlil olunacaq. Həmçinin, beynəlxalq təcrübə və 21-ci əsrin tələbləri araşdırılacaq, müvafiq tövsiyələrə əsasən yenilənmə işləri aparılacaq: "Təbiət elmləri üzrə təhsil proqramlarının təkmilləşdirilməsi və dərsliklərin hazırlanması məqsədilə azərbaycanlı fənn mütəxəssislərinə distant təlimlər keçiriləcək. Layihə çərçivəsində I-IV sinif "Həyat bilgisi” fənni üzrə təhsil proqramındakı təbiət elmlərinə dair məzmun standartları yenilənəcək və yeni V sinif "Təbiət” fənni üzrə məzmun standartları yazılacaq. Bununla yanaşı, V sinif "Təbiət” fənni üzrə dərslik konsepsiyası və bu konsepsiya əsasında yeni dərslik komplekti hazırlanacaq. Nəticədə dövrün reallıqlarına cavab verməyən tədris vəsaitləri və resurlar tədricən yenilənəcək”.