Paytaxtdakı ümumi təhsil müəssisələri üzrə dərslər distant formada təşkil edilsə də, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində dezinfeksiya işləri və müvafiq qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib.
Hazırda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisəsində koronavirusa qarşı dezinfeksiya işlərinin aparılması davam etdirilir.
Paytaxtdakı 8 nömrəli tam orta məktəbdə həyata keçirilən dezinfeksiya prosesini KİV nümayəndələri də izləyib.
Məlumat verilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə Bakı Şəhər Dezinfeksiya Stansiyasının bölmələri arasında bağlanılmış müqavilə əsasında İdarənin tabeliyindəki təhsil müəssisələrində aparılan dezinfeksiya işləri mütəmadi xarakter daşıyır və sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.
Qeyd edək ki, koronavirus pandemiyası şəraitində sağlamlığına həssas yanaşan təhsil işçiləri zəruri olan vaksinasiya prosesində fəal iştirak edirlər.
Bundan əlavə, təhsil işçilərinin COVID-19 əleyhinə vaksinasiyaya daha aktiv qoşulması üçün #TəhsilÜçünVaksinasiya həştəq kampaniyasına start verilib.
Bütün bunlar ənənəvi tədrisin bərpası üçün həyata keçirilən zəruri tədbirlərin tərkib hissəsidir.