8 MARTIN DİNİMİZLƏ VƏ MİLLİ MƏDƏNİYYƏTİMİZLƏ HEÇ BİR ƏLAQƏSİ YOXDUR
Hələ məktəb yaşlarından il boyu bir ənənə olaraq bir çox bayramları, o cümlədən 8 Martı sevinclə gözləyər, Qadınlar günü kimi qeyd edərdik. Uzaqda yaşayan, təbrik edə bilmədiyimiz qohum-əqrəbamızdakı qadınlara açıqça göndərərək təbrik etməyi özümüzə borc bilərdik. Bu bayramın mahiyyəti və tarixi bizi o qədər də maraqlandırmazdı. Hamı deyirsə, bayramdır, deməli, bayramdır. Təbrikləşmək, masa açmaq və sevinmək lazımdır.
8 Martın tarixi haqqında məlumdur ki, ilk dəfə 1910-cu ildə Kopenhagendə keçirilən "Beynəlxalq Sosialist Qadınlar Qurultayı”nda Klara Setkin adlı bir yəhudi sosialist qadın bu günün Dünya Qadınlar Günü kimi qeyd edilməsi təklifini irəli sürmüş və bu təklif qəbul edilmişdir. Bu, qadın azadlığı və haqlarının müdafiəsinin təcəssümü kimi sosializmin "humanist” ənənələrindən sayılırdı. Həmin o sosializm ki ilk dönəmlərindən qadınlara kişilərlə eyni hüquqlardan əlavə eyni vəzifələr də verərək şalban daşıtdırır, kənd təsərrüfatı və ağır sənaye sahələrində onların əməyini istismar edirdi.
8 Mart ilk vaxtlar, ümumiyyətlə, qadınların deyil, yalnız inqilabçı solçu qadınların bayramı kimi qeyd edilib.
Bəzi tarixçilərin fikrincə, 8 Martın təqvimə qırmızı rəqəmlərlə düşməsinin səbəbi Klara Setkinin milli mənsubiyyəti ilə bağlıdır. Yəhudi mənşəli bu feminist qadının təklif etdiyi 8 Mart günü 1910-cu ildə yəhudilərin Purim bayramı ilə üst-üstə düşürdü (yəhudi təqvimində Purim bayramının yeri dəyişir). Purim bayramı isə yəhudilərdə qadın ağlı, eyni zamanda bu millətin özünümüdafiə haqlarını simvolizə edir.
Bibliya rəvayətlərinə görə miladdan əvvəl 410-cu ildə yəhudilərin Babil əsarətindən qurtulmasından sonra Əhəməni sarayı arzu edən yəhudilərin Qüdsə qayıtmasına icazə verdi. Amma 100 il müddətində Babildə zənginləşmiş yəhudilər buna tələsmirdilər. Bu vəziyyət iranlıları getdikcə daha çox narahat etməyə başlayırdı. İran ordusunun baş komandanı Haman İran şahı Kserksin yanına gedərək vəziyyəti ona danışır. Kserks isə bütün yəhudiləri qılıncdan keçirməyi qərara alır. Kserksin arvadı özünün yəhudi olduğunu ərindən gizli saxlayan Ester şahın qəbul etdiyi qərarı dəyişdirməyə nail olur. Nəticədə İran şahının çıxardığı qərarda yəhudilərin deyil, onların düşmənlərinin öldürülməsi nəzərdə tutulur (Tövrat, Ester, 8:8-11). Tezliklə yəhudilər antisemit iranlıları darmadağın edərək Hamanın qulağını kəsirlər. 75 000 midiyalı və fars qətlə yetirilir. Bu qələbənin şərəfinə hər il Adar ayının 14-cü və 15-ci günləri (Tövrat, Ester, 9:21) Purim adlı milli bayramın keçirilməsi qərara alınır. (Tövrat, Ester 9:19,9:26-27)…
Bayram fevral ayının sonu, mart ayının əvvəlində qeyd edilirdi. Tarixçilərin bildirdiyinə görə məhz Purim bütün inqilabçı qadınların bayramının tarixi əsasını təşkil edirdi. Ester isə öz müdrikliyi və qətiliyi ilə onlara örnək qadın olaraq təqdim edilməkdədir. (www.yeniçağ.az)
Keçən əsrin əvvəllərində Azərbaycanda sosialist inqilabının təsiri ilə 8 Martda çadranı – qadının iffət və nəcibliyinin qoruyucusu olan çadranı əsarət simvolu elan edərək yandıranlar da oldu.
70 il sonra isə sosialist ideologiyası çürük və əsassız prinsipləri ilə birgə süqut edərək demək olar ki, bütün dünyada rədd edildi. Buna baxmayaraq, ondan qalma bəzi ənənələr şüurlara hoparaq bu gün də yaşanmaqda davam edir. 8 Martın nə milli, nə dini, nə də tarixi bir mahiyyəti olmasa da, qəribədir ki, bugünədək bir bayram kimi mövcud olmaqdadır.
Uca Allah Öz mükəmməl dinində qadına layiqli dəyərini verdiyi halda, özü də ilin bir günü üçün yox, 8 Martı Beynəlxalq Qadınlar Günü elan edən Klara Setkinin istəyini gerçəkləşdirməyimizin mənası nədir? Bəlkə, deyəcəksiniz ki, qadın qayğı və diqqətə möhtac, zərif varlıqdır, ildə bir dəfə ona bu diqqət və qayğını göstərməyin nəyi pisdir? Elədirsə, onda Allahın bütün müsəlman qadınlar üçün örnək olaraq yaratdığı, dünya və axirətdə ən üstün qadın olan xanım Fatimeyi-Zəhranın (s.a) doğum gününü Qadınlar günü kimi qeyd etmək daha məntiqə uyğun olmazdımı?
İslamda qadın hüquqları geniş bir mövzu olduğuna görə burada ona toxunmağa fürsət yoxdur, lakin xatırlatmaq istəyirəm ki, Uca Rəbbimiz qadının kişinin yanında ilahi bir əmanət olduğunu bildirmiş və bu əmanətə sayğı və sədaqət tələb etmişdir. Peyğəmbərimiz (s) qadına olan hörmətin əhəmiyyətinə diqqət çəkərək bir hədisində buyurmuşdur ki, sizin ən xeyirliniz öz əhli-əyalı ilə ən xoş davrananızdır.
Tarixdə bir çox müsəlman ölkələrində, o cümlədən Azərbaycanda qadın ailədə xanım, kişinin baş tacı hesab edilmişdir. Bunun əksini iddia edənlər Sara xatunu, Xan qızı Natəvanı, Məhsəti Gəncəvini, Heyran xanımı və neçə-neçə başqa diplomat, şair, mütəfəkkir qadınlarımızı niyə unudurlar? Keçmişdə və bu günümüzdə də qadının hüqüqlarını tapdalayan, Allahın özünə verdiyi fiziki gücü ilə Ona üsyan edərək qadına qarşı zorakılıq işlədən, çirkin, kişilikdən uzaq, zəiflik əlaməti olan bu hərəkətinə haqq qazandıran müsəlman kişilər varsa, onların bu davranışının İslamla əlaqəsi yoxdur. Bu, İslama yox, həmin kişinin öz şəxsiyyətinə bir ləkədir və şübhəsiz, Allah onu bu zülmünə görə hesaba çəkəcəkdir.
İslami təfəkkür tərzinə görə insan nəyə inanıb nəyi rədd etməli, nəyə məhəbbət, nəyə isə nifrət bəsləməli, nəyə kədərlənib nəyə sevinməli olduğunu dərk etməlidir. Şüurlu cəmiyyət də nəyi bayram edib nəyə matəm saxladığını bilməlidir. Elə isə gəlin düşünək: "8 Martı bayram etməyə dəyər, ya yox?”