AzTehsil.com


Xəbərlər
23 mart 2017
6 990


Direktorların vəzifə müddəti uzadılarkən məktəbin təhsil göstəriciləri də nəzərə alınacaq



Direktorların vəzifə müddəti uzadılarkən məktəbin təhsil göstəriciləri də nəzərə alınacaq

 

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov "Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul" Qaydalarını təsdiqləyib.
 
Aztehsil.com trend-ə istinadən məlumat verir ki, bu Qaydalar Təhsil Nazirliyinin birbaşa tabeliyində olan lisey və gimnaziyalara, internat tipli təhsil müəssisələrinə, Bakı şəhərinin ümumi təhsil müəssisələrinə direktorların işə qəbuluna şamil edilmir.
 
Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu şəffaflıq və obyektivlik təmin edilməklə nazirlik tərəfindən mərkəzləşdirilmiş qaydada üç mərhələdən ibarət müsabiqə yolu ilə həyata keçirilir.
 
Müsabiqənin birinci mərhələsində elektron ərizələrin qəbulu həyata keçirilir. Namizədlərə 4 vakant yer (hazırda işlədiyi müəssisənin yerləşdiyi rayon (şəhər) və ya faktiki yaşadığı rayon (şəhər) üzrə) seçmək imkanı verilir. Müsabiqənin 2-ci mərhələsi imtahan, 3-cü mərhələsi müsahibədir.
 
Müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsilə və azı 5 il pedaqoji staja malik (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il), hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.
 
Yol verdikləri nöqsanlara görə direktor (direktor müavini) vəzifəsindən azad olunmuş, məhkəmənin qərarına əsasən, yaxud sağlamlığı ilə əlaqədar pedaqoji fəaliyyət göstərməsi qadağan olunan şəxslər direktorların işə qəbulu üzrə müsabiqədə iştirak edə bilməzlər.
 
Qaydalara görə, müsabiqənin nəticəsinə əsasən vakant direktor vəzifəsini tutmuş namizədlə bir il müddətinə əmək müqaviləsi bağlanılır. Həmin müddət başa çatdıqdan sonra bir illik fəaliyyət barədə hesabat nazirliyə təqdim olunur və müvafiq müsahibə keçirildikdən sonra şəxsin daimi əsaslarla işə təyin olunması barədə qərar qəbul edilir.
 
Ümumi təhsil müəssisələrinin direktorlarının iş yerinin eyni rayon (şəhər) daxilində və ya bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) dəyişdirilməsi üçün yerli təhsili idarəetmə orqanı Təhsil Nazirliyinə təqdimat göndərir. Nazirlik tərəfindən bu qaydaların müvafiq bəndi ilə müəyyənləşdirilmiş tələblər gözlənilməklə və Ərazi Maliyyə Hesablaşma mərkəzlərinin rəyi öyrənilməklə müvafiq qərar qəbul edilir.
 
Çalışmanın yaş həddinə çatmış direktorlarla bağlanmış əmək müqaviləsinin müddətinin uzadılıb-uzadılmaması ilə bağlı isə yerli təhsili idarəetmə orqanı tərəfindən Təhsil Nazirliyinə təqdimat göndərilir. Əmək Məcəlləsinin 10-1-ci maddəsinin və bu qaydaların müvafiq bəndinin tələbləri gözlənilməklə, müvafiq Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəyi öyrənilməklə direktorlarla bağlanmış əmək müqaviləsinin uzadılması və ya uzadılmaması barədə qərar qəbul edilir.
 
Müsbət qərar qəbul edildikdə müqavilə müddəti nazirlik tərəfindən hər dəfə 1 ildən çox olmayan müddətə uzadılır. Qeyd edilən tələblər çərçivəsində çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Çalışmanın yaş həddinə çatmış direktorlarla əmək müqaviləsinin 5 ildən artıq müddətə uzadılıb-uzadılmaması ilə bağlı yerli təhsili idarəetmə orqanı tərəfindən Təhsil Nazirliyinə təqdimat göndərilir.
 
Nazirlər Kabinetinin 31.10.2011-ci il tarixli 180 nömrəli Qərarı ilə müəyyənləşdirilmiş meyarlar (Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilməsi, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülməsi, işlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması, Dövlət mükafatı laureatı olması, 1991-ci il oktyabrın 18-dək orden və medallarla təltif edilməsi) və bu qaydaların müvafiq bəndinin tələbləri gözlənilməklə, müvafiq Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəyi öyrənilməklə direktorlarla bağlanmış əmək müqaviləsinin uzadılması və ya uzadılmaması barədə qərar qəbul edilir. Müsbət qərar qəbul edildikdə müqavilə nazirlik tərəfindən hər dəfə 1 ildən çox olmayan müddətə uzadıla bilər.
 
Direktorların iş yerinin dəyişdirilməsi və çalışmanın yaş həddinə çatmış direktorlarla bağlanmış əmək müqaviləsinin uzadılması barədə yerli təhsili idarəetmə orqanlarının nazirliyə ünvanladığı təqdimat namizədin dövlət təltifinin olması, işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması, son 1 ildə barəsində intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi, son 3 il ərzində rəhbərlik etdiyi məktəbin IX sinif üzrə buraxılış imtahanlarında müsbət dinamika və nəticələrin rayonun orta göstəricilərindən aşağı olmaması, məzunların ali məktəblərə qəbul göstəricilərində irəliləyişin olması, beynəlxalq və respublika fənn olimpiadalarında şagirdlərin qalib adını qazanması ilə bağlı məlumat və təhlillərə əsaslanmalıdır.
 
Test imtahanı və müsahibə mərhələsində keçid balını toplayan, lakin yerləşdirilməyən namizədlər ehtiyat kadr siyahısına daxil edilir. Ehtiyat kadrlar 2 il müddətinə siyahıda saxlanılır və həmin müddətdə yaranan vakansiyalar (işlədiyi və ya yaşadığı rayon (şəhər) üzrə) onlara təklif olunur.



Загрузка...