AzTehsil.com


Xəbərlər
22 mart 2017
5 624


Təhsil sistemindən şikayət: “Bəs, kasıb uşaqlarının taleyi necə olacaq?”



Təhsil sistemindən şikayət: “Bəs, kasıb uşaqlarının taleyi necə olacaq?”

 

9-cu siniflərin buraxılış imtahanlarının ilk mərhələsi geridə qaldı. Yeni sistemlə keçirilən bu imtahanlara valideynlərin münasibətləri isə birmənalı deyil.
 
Müraciət edən valideynlərdən bəziləri yeni sistemin əvvəlkilərdən xeyli fərqləndiyini, dolayısıyla şagirdlərin imtahanlarda əziyyət çəkdiyini və biliklərini tam ortaya qoymadıqlarını bildirirlər.
 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məsələyə yanaşması isə fərqlidir. TQDK-nın ümumi (9 illik) orta təhsil bazasında buraxılış imtahanının keçirilməsi qaydaları haqqında məlumatında bildirilir: "Təhsilin məzmununun yeni standartlar əsasında formalaşdırılması məqsədilə 1999-cu ildə "Azərbaycan Respublikasında ümumi orta təhsilin dövlət standartları”, 2006-cı ildə "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)” təsdiq edilmişdir. Bu sənədlərə əsasən, 2007-ci ildə ibtidai (I-IV), sonrakı illərdə V-XI siniflər üçün yeni təhsil proqramları (kurikulumlar) işlənib hazırlanmışdır”.
 
Sadə üslubla desək, TQDK-nın fikrincə, kurikulumlar yeni kəşf olunmuş metod deyil, indiki 9-cu siniflər məktəbə başladıqları andan bu qaydalar əsasında hazırlanıb və hər il keçirilən imtahanlarda təcrübə toplayıblar: "2013-cü ildən başlayaraq respublikanın ümumtəhsil müəssisələrində (2013-cü ildə V, 2014-cü ildə V və VI, 2015-ci ildə VI və VII, 2016-cı ildə VII və VIII siniflər) monitorinq imtahanları keçirildi”.
 
Açıqlamadan belə çıcır ki, 9-cu sinif uşaqları xüsusi proqramlarla indiki imtahana hazırlaşdıqlarından kurikulumları keçmək onlar üçün o qədər də çətin olmamalıdır. TQDK təhsil sistemindəki bu dəyişikliyin səbəbini isə belə əsaslandırıb: "Artıq "yaddaş məktəbi”ndən "təfəkkür məktəbi”nə keçilmişdir”.
 
Mövqeyini öyrəndiyimiz ziyalı Elçin Qurbanov isə TQDK-nın bu mövqeyilə razılaşmır. Onun fikrincə, təhsil ocaqlarının birdən-birə fərqli tədris metoduna keçməsi istər-istəməz savadlı kadr problemi yaradıb və şagirdlər yeni sistemin tələbləri istiqamətində düzgün yetişdirilməyiblər. Odur ki, bu çatışmazlıqlar şagirdlərin buraxılış imtahanlarında da öz mənfi təsirini büruzə verib: "Bir çox valideynlər uşaqların buraxılış imtahalarındakı nəticələrindən narazıdır. Böyük ehtimalla, indiki imtahaları keçə biləcəklərin sayı həqiqətən də çox olmayacaq. Ən pisi isə odur ki, kurikulumu keçə bilməyən uşaqların tam orta təhsil almasına da imkan verilmir, onları peşə-texniki məktəblərə yönləndirirlər”.
 
Bunun 20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunan və Azərbaycanın da imza atdığı Uşaq Hüquqları Konvensisyasına, ölkə Konstitusiyasının 42-ci maddəsinə uyğun gəlmədiyini bildirən Qurbanov həyata keçirilən siyasətin vətəndaşların təhsil və könüllü şəkildə öz peşələrini seçmək hüququnu məhdudlaşdırdığına inanır:
 
"Hər bir vətəndaşın (uşağın) yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ var. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər həyata keçirməli, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikası Qanunlarında Vətəndaşların təhsil hüquqları bölümündə belə qeyd edilir:"İrqindən, milli və dini mənsubiyyətindən, dilindən, cinsindən, yaşından, səhhətindən, sosial-maddi vəziyyətindən, fəaliyyət sahəsindən, ictimai mənşəyindən, yaşayış yerindən, dinə münasibətindən, siyasi əqidəsindən, həmçinin üzərində məhkumluğun olmasından asılı olmayaraq, vətəndaşların təhsil hüququna təminat verilir”. Bunları xatırlatmağımın səbəbi bu il orta məktəblərdə  imtahan verən doqquzuncu siniflərin taleyinin necə olacağı barəsində xüsusi narahatlığımdır”.
 
 Ekspertin sözlərinə görə, neçə illərdir test üsulu ilə imtahan olunan uşaqlar bu il birinci yarımillik imtahanda birdən-birə açıq sualla qarşılaşıblar: "Riyaziyyat imtahanında belə, şagirdlərə özləri ilə ağ vərəq (hesablama aparmaq üçün qaralama) götürməyə icazə verilməyib. Məni narahat edən əsas məsələ tədris ilinin sonunda - iyul ayında təkrar imtahana girəcək olan uşaqların yaxşı göstəricilərlə çıxa bilməyəcəyi təqdirdə, atestat alacaqları,  amma onuncu sinfə keçə bilməyəcəkləri ilə bağlıdır. Belə çıxır ki, yeni tətbiq olunan və bir çox məktəblərdə hələ də tam mənimsənilməyən kurikulumu keçə bilməyən uşaqların təhsil almaq hüquqları məhdudlaşdırılacaq”.
 
Qurbanovun fikrincə, indiyə kimi təhsilimizdə belə bir sistem mövcud idi ki, şagird imtahandan kəsiləndə sinifdə qalır və eyni tədris kursunu təkrar oxuyub keçə bilmək hüququndan istifadə edirdi: "Bəs, indi imtahandan kəsiləcəyi halda sadəcə peşə məktəbinin ümidinə buraxılan şagirdlərin taleyi necə olacaq?”
 
 Təhsilimizdəki çətinliklər sayəsində hər il ölkəmizdən xeyli sayda gəncin ali təhsil almaq üçün başqa dövlətlərə üz tutduğunu bildirən həmsöhbətimiz bunun cəmiyyətimiz üçün ciddi təhlükə yarada biləcəyindən ehtiyatlanır:
 
"Düşünün ki, bir insanın bütün şəxsiyyətinin formalaşması prosesi başqa milli mənsubiyyətə malik cəmiyyətdə baş verir. Bu insan hər nə qədər öz milli kimliyini qorumağa səy göstərsə belə, xarakterində ali təhsil aldığı cəmiyyətin izləri görüləcək. Biz təhsil sistemində yaratdığımız bu çətinliklərlə  faktiki olaraq zəif nöqtələrimizdən istifadə edən başqa dövlətlərin "5-ci kolonu”nu yaratmırıqmı?”
 
Üstəlik, istedadlı uşaqların təhsil almağa getdiyi xarici ölkələrdən geri qayıtmayacağını da istisna etməyən həmsöhbətimizə görə, bu da bir növ xarici ölkələrə "beyin köçü” həyata keçirməkdir: "Dolayısıyla biz indiki təhsil siyasəti nəticəsində bir tərəfdən zehinli uşaqlarımızla başqa dövlətlərin elmi inkişafına şərait yaradır, məmləkətimizə qayıdan orta səviyəli gənclərimizlə isə xaricin ölkəmizdəki yumşaq gücünün formalaşmasına xidmət edirik”.
 
Elçin Qurbanov həyata keçirilən bu təhsil islahatı ilə faktiki vətəndaşların pulsuz icbari orta təhsil almaq hüqunun da şübhə altına alındığını bildirir. Onun sözlərinə görə, bugünkü şərait istər-istəməz keyfiyyətli təhsilin ödənişli litseylərdə verilməsini şərtləndirir:
 
moderator.az



Загрузка...