"Naxçıvan ərazisində təbii seolitin həm nəzəri, həm də praktiki əhəmiyyətə malik böyük yataqları var"
AMEA-nın Naxçıvan Bölməsinin hərtərəfli fəaliyyəti üçün yaradılan şərait muxtar respublikanın yeraltı və yerüstü sərvətlərinin daha dərindən, sistemli şəkildə öyrənilməsini təmin edib.
Son illərdə bölmənin elmi-tədqiqat institutlarında müxtəlif sahələr üzrə aparılan tədqiqatların bəhrələri xeyli artıb. Bu elmi qurumun Təbii Ehtiyatlar İnstitutunun sorbsiya prosesləri laboratoriyasının rəhbəri, dosent Günel Məmmədova da yaradılan şəraitdən səmərəli istifadə edən əməkdaşlardan biridir.
O, 2004-cü ildən dünya elminin "ХХI əsrin mineralı” adlandırdığı seolitlərin tətbiq sahələrini, onların alınma şəraitini, fiziki-kimyəvi xassələrini araşdırır. Tədqiqat obyekti Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri əsasında müxtəlif quruluş tipli seolitlərin sintezi, onların tətbiq sahələrinin müəyyənləşdirilməsidir.
Günel Məmmədova deyir ki, hazırda 200-ə yaxın sintetik və 50 müxtəlif quruluşlu təbii seolit mövcuddur: ”Özünün geoloji quruluşu, kontinental iqlimi, zəngin flora və faunası ilə Azərbaycanın digər məkanlarından fərqlənən muxtar respublikanın ərazisində həm praktiki, həm də nəzəri əhəmiyyətə malik təbii seolitin böyük yataqları var. Seolit tərkibli süxurlar Ordubad rayonunun Məzrə kəndindən Şahbuz rayonunun Güney Qışlaq kəndi istiqamətində uzanır.
Yüksək adsorbsiya, ion-mübadilə və katalitik xassələri ilə təbii seolitlər sənayedə, kənd təsərrüfatında, ekologiyada və başqa sahələrdə geniş tətbiq oluna bilər”.
O, müasir analiz metodlarından istifadə etməklə Naxçıvanın təbii mineralı-seolitin quruluşları, tərkibi, fiziki-kimyəvi xassələri, təsnifat və nomenklaturası, tətbiq sahələrini araşdırıb. Aparılan tədqiqatlarda təbii Naxçıvan seoliti əsasında müxtəlif quruluş tipli seolitlər və alümosilikatlar alınıb.
Alimin sözlərinə görə, alınan yeni seolit növləri mühüm sənaye əhəmiyyətinə malikdir:”Təsədüfü deyil ki, son illər təbii mineral seolitlər özünün maraqlı quruluş xüsusiyyətləri və spesifik xassələri ilə dünyanın bir çox ölkələrinin alim və tədqiqatçılarının da diqqətini cəlb edir”.
Onu da qeyd edək ki, G.Məmmədova tərəfindən tədqiq edilən nümunənin tərkibində toksik elementlərə rast gəlinmir. Bu isə təbii seolit nümunəsinin zəhərsiz olduğunu göstərir və seolit süxurlarının bioloji aktiv əlavələr, tibbi preparatların komponenti, heyvandarlıqda yemə əlavələr kimi tətbiq sahələrində istifadəsinin mümkünlüyünə əsas verir.
2006-cı ildən AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun dənli taxıl, paxlalı və texniki bitkilər laboratoriyasında bu qiymətli mineral üzərində tarla təcrübələri aparılıb. Bu təcrübələrdə kartof bitkisi, qarğıdalı, lobya, mərcimək, noxud, arpa, yumşaq buğdanın 4 müxtəlif növünə aid 750 sort nümunələrdən istifadə olunub.
Naxçıvan seoliti tərəvəz bitkiləri üzərində də sınaqdan keçirilib. Bütün tarla təcrübələri muxtar respublikanın qədimdən suvarılan boz torpaqları şəraitində aparılıb. Nəticədə 5-8 dəfə artıq məhsuldarlıq qeydə alınıb. Aparılan tədqiqatlarda müəyyən olunub ki, seolit mineralının tətbiqi nəticəsində tərəvəzlərdə, üzümdə, taxılda yüksək məhsuldarlıq əldə edilib və bu da böyük iqtisadi səmərə deməkdir.
Kimyaçı alimin uğurlu nailiyyətlərinin nəticələri ölkəmizin hüdudlarından kənarda, yüksək reytinqli beynəlxalq kodlu elmi jurnallarda işıq üzü görüb, xarici tədqiqatçılar tərəfindən əsərlərinə istinad olunub ki, bütün bunlar da elmimizin uğurlu nəticələrini dünyaya çatdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir.
Gənc alimin elmi məqalələri ABŞ-da çapdan çıxan nüfuzlu Glass Physics and Chemistry ("Şüşənin fizikası və kimyası”) jurnalında rus və ingilis dillərində, Moskva Dövlət Universitetinin "Xəbərlər” jurnalının Kimya bölüməsində, Almaniyanın beynəlxalq "Springer” nəşriyyatı tərəfindən ingilis dilində nəşr edilib və onlayn satışa çıxarılıb.
Qeyd edək ki, G.Məmmədova 130-dan çox elmi əsərin, 3 monoqrafiyanın, 3 patentin müəllifidir.
Gənc tədqiqatçı elm sahəsində səmərəli nailiyyətlərinə görə 2010-cu ildə bölmə tərəfindən təbiət və texniki elmlər üzrə "İlin alimi”, 2 fevral-Gənclər Günü Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən "İlin ən yaxşı gənc alimi” adlarına layiq görülüb.
Tədqiqatçı 2012-2013-cü illərdə Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun gənc alim və mütəxəssislərin I qrant müsabiqəsində "Naxçıvan Muxtar Respublikasının yeraltı sərvətlərindən yeni yüksək temperatura davamlı istilikizolyasiya materiallarının, seolitlərin alınma metodlarının işlənməsi” adlı qrant layihəsinin qalibi olub. Həmin layihə Elmin İnkişafı Fondunun uğurlu layihəsi kimi qiymətləndirilib.
Alim 2017-ci ildə Rusiya Federasiyasının Təbiətşünaslıq Akademiyasının professoru seçilib.
Azərbaycan Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən keçirilən ixtiraçılıq sahəsində IV respublika müsabiqəsində "Tomsonit tipli seolitin alınma üsulu” patenti diplom və pul mükafatına layiq görülüb.
2018-ci ildə Çinin Hangzhou şəhərində keçirilən "Ətraf mühit və geoelm” beynəlxalq konfransının rəyçisi və Fransada fəaliyyət göstərən Beynəlxalq Seolit Assosiasiyasına üzv seçilib. Elə həmin ildə Patent və Əmtəə Nişanları Mərkəzi tərəfindən keçirilən ixtiraçılıq sahəsində V respublika müsabiqəsində yerli xammal əsasında etdiyi ixtiraları diplom və pul mükafatına layiq görülüb.
Türkanə Bəylərli
AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin əməkdaşı
muallim.edu.az