Azər HƏSRƏT, siyasi şərhçi – @azerhasret
Çox görmüşük. Xarici ölkələrdə bir müəllimin öz şagirdlərinə fərqli yanaşmasını, rəsmiyyətdən kənar davranmasını əks etdirən videolar internetdə N qədərdir. Baxırıq, feyziyab oluruq və bəh-bəhlə sağa-sola paylaşıb, örnək üçün, Avropalıların necə açıq və demokratik cəmiyyətdə yaşadığını təbliğ edirik. Deyirik ki, oralar azad olduğu üçün müəllimlər də özlərini belə sərbəst aparmaqdan çəkinmirlər…
Amma ki, bənzər bir hadisə bizdə baş verən kimi namus, qeyrət keşikçiləri, din-iman təəssübkeşləri ortalığı toz-dumana bürüyür. Ki, bəs, müəllim utanmır, görün nə hərəkət edir…
Bugünlərin müzakirə mövzularından biridir bu. Bakıdakı 184 saylı məktəbin ibtidai sinif müəllimi Gülsüm Biləndərlinin bir videosunu paylaşıb xanımı linç edirlər. Nə olubmuş? İşdən yorulmuş, lakin üzündən sevinc yağan müəllim bir az rəqs edir. Sinifdə edir bunu. Təbii ki, şagirdlərin olmadığı – boş sinifdə. Və internetin o başında ürək qızdırdığı, sirrini paylaşdığı hər kimdirsə, rəqsini ona da göstərir. Adi bir şeydir. Normaldır. İnsan halıdır. Yəni qeyri-adi bir şey deyil deyə bilərik.
Lakin qeyri-adidir. Ona görə ki, bu müəllim öz pozitivini ətrafa saçmaqda xəsislik etmir. O videoya baxanda hiss olunur ki, xanım işindən zövq alır, ürəyini işinə qoyur, xoşbəxtdir. Bu isə uğurun əsas şərtlərindəndir. Əgər bir insan öz işindən zövq alırsa, özünü burada xoşbəxt hiss edirsə, əldə edəcəyi nəticələr də ürəkaçan olmalıdır.
Gülsüm müəllimin işi ilə tanış deyilik. Amma adicə o video parçası bunu deməyə əsas verir ki, onun şagirdləri – balaca fidanlar çox xoşbəxtdirlər ki, belə müəllimləri var. Çünki belə pozitiv – həyat dolu bir müəllim onların nikbin – gələcəyə yönəlik nəsil kimi yetişməsində müstəsna rol oynayır. Müşahidə aparın, illər sonra görəcəksiniz ki, Gülsüm müəllimin hazırda dərs deməkdə olduğu uşaqların səsi çox yüksəklərdən gələcək.
Bu olayda bir də ibrət olası halı müşahidə etdik. Əvvəlki illərdən fərqli olaraq indi cəmiyyətimizin böyük kəsimi nəinki bunu tənqid etmədi, əksinə, təqdir etdi. Ağlı başında, ictimai rəyə təsir edəcək gücü olanların çoxu Gülsüm müəllimi dəstəklədi. Onun hərəkətinin pozitiv şifrəsini çözüb cəmiyyətə ötürə bildi. Hətta bəziləri qaragüruhu aydınlatmaq üçün rəqs edib internetdə paylaşaraq çox hörmətli müəllimlə eyni sırada dayandı. Onu təkləmək istəyənlər bir anda qarşılarında cəmiyyətin ən sağlam kəsiminin təpkisini gördülər. Üstəlik, o özəl videonu iznsiz ictimailəşdirən hər kimdirsə, payını almış oldu. Əminik ki, bundan sonra heç kim belə davranıb özəl bilgiləri iznsiz ictimailəşdirən deyil. Dərs olsun yəni…
Rəsmi münasibət də ürəkaçan oldu bu məsələdə. Təhsil Nazirliyi qeyri-adi heç nəyin baş vermədiyini bəyan etdi. Əslində, Nazirliyin belə yanaşması da cəmiyyətin təpkisinin inikası idi. Bu, yaxşı haldır. Əgər sahəyə məsul olan ən üst dövlət qurumu cəmiyyətin doğru mövqeyi ilə belə hesablaşırsa, təqdir edilməlidir.
Bizə gəlincə, bu cür komplekssiz müəllimləri təqdir edirik. Bir çox ölkələrdə müxtəlif təlim və təhsil kurslarında illərdir iştirak edən, yüksək səviyyəli alimlərdən dərs alan birisi kimi deyirəm ki, müəllimi azad olan ölkələrin vətəndaşı da azad insan kimi yetişir. Şəxsən özüm bizimlə qol-qola girib rəqs edən müəllim də görmüşəm, bizimlə eyni oyunları oynayıb deyib-gülənlərini də. Belə bir qaynaşma bizdə müəllim haqqında nəinki mənfi emosiyalara səbəb olmayıb, əksinə, ona güvənimizi daha da artırıb. O baxımdan Gülsüm müəllim, heç şübhəsiz şagirdlərinin tam güvəndiyi bir müəllimdir. Buna heç kimin şübhəsi olmasın.
Cəmiyyətimizi də təbrik edə bilərik. Bu dəfə qaragüruh deyil, sağlam təfəkkür qalib çıxdı. Gülsüm müəllimin olayı bir sınaq oldu. Bu sınaqdan üzüağ çıxansa ağa ağ, qaraya qara deyəcək qədər cəsarətli olan kəsimdir. Və sevindiricidir ki, bu kəsim say və təsir baxımından qaragüruhdan qat-qat üstün – artıqdır. Demək ki, cəmiyyətin aydınladılması yönündə aparılan işlər faydasını verir. Belə davam edək.