Keçid balı artırılıb - NAZİRLİK
"2020-ci ilədək məktəbəhazırlıqda əhatəliliyin 90 faizə çatdırılması nəzərdə tutulub".
AzTehsil.com məlumatına görə, bunu Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev Nazirliyin hesabat tədbirində çıxışı zamanı deyib. O bildirib ki, dövlət büdcəsi hesabına məktəbəhazırlığın təşkili 5-6 yaşlı uşaqların 65 faizini əhatə edib.
Şöbə müdirinin sözlərinə görə, 2012-ci ildə 6 yaşdan yuxarı uşaqların məktəbə gec başlaması halları 12 faiz təşkil edirdisə, 2017-ci ildə bu rəqəm 6 faiz olub.
E. Əmrullayev qeyd edib ki, ötən illə müqayisədə təmayülləşmə üzrə məktəb sayı 6 dəfə, sinif və şagird sayı isə 4 dəfə artıb.
Şöbə müdiri onu da qeyd edib ki, 2017-ci ilin qəbul imtahanlarında məzunların 44 faizi 200 baldan az toplasa da, bu göstərici əvvəlki illərdə məzun olmuş abituriyentlərdə 65 faiz olub: "2017-ci ildə ali məktəbə qəbul imtahanında orta bal 2012-ci ilə nisbətən 62 bal yüksələrək 177-dən 239-a çatıb".