Bu universitetdə unikal imtahan modelləri tətbiq olunur
Ölkənin aparıcı ali təhsil ocaqlarından olan Western Caspian University (Qərbi Kaspi Universiteti) qiymətləndirmənin obyektivliyi, dünyanın bəzi nüfuzlu universitetlərində uğurla sınaqdan çıxmış imtahan modelləri ilə diqqət çəkir.
Qərbi Kaspi Universitetində mövcud imtahan formaları ilə yanaşı (test üsulu, şifahi imtahan, baxış imtahanı, açıq suallar), yeni imtahan modelləri - "Açıq kitab”, "Təqdimat”, "Keys həlli” kimi beynəlxalq akademik səviyyədə tətbiq olunan üsullar tətbiq olunur.
Bu üsullar tələbələrə yalnız nəzəri deyil, praktik biliklərin də mənimsəməyə imkan verir, tələbələrin səthi biliklərdən, əzbərçilikdən uzaqlaşaraq, düşünmək və təhlil aparmaq qabiliyyətini üzə çıxarır və inkişaf etdirir.
Hazırda bu imtahan modelləri bəzi ixtisas və qruplarda pilot layihə kimi sınaqdan çıxarılır. Özünü doğruldacağı təqdirdə növbəti semestrlərdə bu modellərinin bütün qruplar üzrə tətbiqi nəzərdə tutulur.
Yeni imtanan modellərindən biri - "Açıq kitab” üsulunda tələbələr imtahan keçirilən müddətdə istənilən sayda kitab, mühazirə və əlavə dərs materiallarından istifadə edə bilər. Bununla belə suallar elə hazırlanır ki, birbaşa cavabı bu materiallarda tapmaq mümkün olmur. Kitabda hər hansı tarix, ad və s. kimi məlumatlara baxıla bilər, lakin sual hər hansı prosesin səbəbini, tələbənin gələcək mütəxəssis kimi qoyulan situasiyaya münasibətini tələb edir.
"Keys həlli” üsulu isə tələbələrin gələcək iş həyatlarında qarşılaşacaqları real problemlər əsasında qurulan keys məsələlərinin həlli ilə bağlıdır. Bu zaman tələbə vəziyyətin ümumi təsvirini təhlil edir, çatışmazlıqları və onların yaranma mənbələrini tapır, ən əsası isə problemin aradan qaldırılması üçün təkliflər hazırlayır.
Məlumat üçün onu da bildirək ki, Qərbi Kaspi Universitetində hər hansı bir fənn üzrə imtahandan müvəffəq nəticə göstərməmiş tələbələr üçün tamamilə ödənişsiz əsaslarla intensiv kurslar və konsultasiya saatları təşkil edir, eyni zamanda iki dəfə təkrar imtahan vermək şansı yaradır.