DİM Direktorlar Şurasının sədri Salyanda vətəndaşları qəbul edib
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yanvarın 25-də Salyan rayonundakı Heydər Əliyev Mərkəzində bölgə vətəndaşlarını qəbul edib.
Məlumata görə, əvvəlcə Məleykə Abbaszadə və rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Şirvan şəhər, Neftçala, Salyan, Sabirabad, Saatlı və Hacıqabul rayon sakinlərinin, eləcə də bu rayonlarda məskunlaşan qaçqın və məcburi köçkünlərin iştirak etdikləri qəbulda vətəndaşlar ali və orta ixtisas təhsili müəssisələrinə qəbul, tətbiq olunacaq yeniliklər, magistratura pilləsində təhsil, həmçinin dövlət qulluğuna qəbul üzrə müsabiqənin keçirilməsi və digər məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciət ünvanlayıblar.
Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll olunub. Digər müraciətlər isə araşdırılması və baxılması üçün qeydiyyata alınıb.
Qəbul zamanı qeydiyyatdan keçənlərlə yanaşı, birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verilib.