2017-ci ilin ən yaxşı universiteti hansıdır... - Təhsil mütəxəssislərindən maraqlı CAVABLAR
Azərbaycandakı universitetlər yola saldığımız 2017-ci il ərzində bir sıra istiqamətlərdə irəliləyişə nail oldular. Bunu təhsil ekspertləri deyirlər.
Maraqlıdır, bəs onda təhsil ekspertlərinin fikrincə, 2017-ci ildə ən yaxşı universitet hansı oldu?
Aztəhsil.com xəbər verir ki, modern.az saytı bu suala cavab almağa çalışıb.
"21-ci Əsr Təhsil Mərkəzi”nin rəhbəri Etibar Əliyev bildirdi ki, ən yaxşı universiteti seçmək üçün müxtəlif yanaşmalar ola bilər:
"Ən yüksək bal toplayan tələbələrin oxuduğu Bakı Ali Neft Məktəbinin adını çəkə bilərəm. Bundan başqa, ali məktəblərin QS reytinqinə görə Bakı Dövlət Universitetinin adını qeyd etmək olar. Bakı Dövlət Universiteti bu siyahıda 95-ci yerdədir.
Və təbii ki, Azərbaycan Dövlət İqtisad Universitetinini (UNEC) vurğulamaq lazımdır. İstər təhsilin keyfiyyətinin yaxşılaşdırılması, istər təhsillə elmin inteqrasiyası prosesində UNEC bu il digər universitetlərdən öndə oldu. Qısa bir zamanda universitetdə sıçrayışlı irəliləyişlər baş verib, artıq dünyada tanınmağa başlayıb. Və ən əsas məqam ondan ibarətdir ki, 17 prezident təqaüdçüsü bu ali məktəbi seçib”.
Etibar Əliyevin fikrincə, UNEC-in özünün ən yaxşı universitet olduğunu iddia etməsi haqlıdır: " Azərbaycan Dövlət İqtisad Universiteti bunu idda etməsə də, ictimai rəy və eyni zamanda medada yazılanlar, universitetdə aparılan islahatlar açıq şəkildə görünür. Əlbəttə, onların özü də bunu iddia edə bilərlər. UNEC-in keçirdiyi islahatların necə uğurlu olduğu ilə bağlı kifayət qədər yazılar, məqalələr dərc olunub. Bu da onların iddia irəli sürməyinə əsas verir”.
QHT sədrinin sözlərinə görə, bütün universitetlərin qarşısında xeyli vəzifələr durur və ali məktəblər tədqiqat universitetlərinə çevrilmək üçün xeyli işlər görməlidir.
Etibar Əliyev 2018- ci ildə universitetlərarası rəqabət mühitinin artmasını arzuladığını bildirdi.
Milli Məclisin deputatı Tahir Mirkişilinin fikrincə, Azərbaycanda 2017-ci ilin ən yaxşı ali məktəbləri ADA Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetidir:
"Üçüncü isə İdman Akademiyasıdır. Buna əsas səbəblər olaraq bu universitetlərdə tədris materiallarının müasir olmasını, təlim prosesində innovasiyaların tətbiqini və təhsildə informasiya-kommunikasiya texnologiyalarının geniş istifadə edilməsini qeyd edə bilərəm”.
Tahir Mirkişilinin sözlərinə görə, seçim edərkən universitetlərimizin beynəlxalq reytinqlərdə tutduğu yerlər də önəm daşıyır, çünki bu reytinqlər beynəlxalq təhsil agentlikləri tərəfindən müəyyən edilir.