Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar
1."Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar” (bundan sonra – Qaydalar) "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.32-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin sinifdən-sinfə keçirilməsini, müvəffəqiyyətsizliyə və digər səbəblərə görə təkrar sinifdə saxlanılmasını tənzimləyir.
2.Bu Qaydalar tabeliyindən, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrinə şamil edilir.
3.Ümumi təhsil müəssisələrinin X sinfinə qəbul Azərbaycan Respublikası təhsil nazirinin 27.09.2013-cü il tarixli 827 nömrəli əmri ilə təsdiq edilmiş "Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları” ilə tənzimlənir.
4.Ümumi təhsil müəssisələrinin I-VIII və X (XI)* sinif şagirdləri təhsil aldıqları sinifdən yuxarı sinfə tədris olunan bütün fənlərdən illik qiymətləri müsbət ("kafi” və daha yüksək) olduğu halda keçirilirlər.
5.Tədris fənləri üzrə illik qiymətlər dərs məşğələlərinin başa çatmasına 3 (üç) gün qalmış müvafiq fənn müəllimləri tərəfindən şagirdin yarımillik qiymətləri əsasında müəyyən olunur.
6.İllik qiymət yarımillik qiymətlərin ədədi ortasına bərabər tutulur. Şagirdin yarımillik qiymətləri müxtəlif olduqda alınan rəqəmin vergüldən sonrakı hissəsi 5-dən kiçikdirsə, həmin hissə atılır, 5 və 5-dən böyükdürsə, tam hissəyə bir rəqəm artırılır.
* Ümumi təhsil müəssisələrinin nəzdindəki axşam və qiyabi qruplar
7.Şagird ikinci yarımildə bu və ya digər fəndən "qeyri-kafi” qiymət almışsa, ona həmin fəndən (fənlərdən) müsbət illik qiymət çıxarıla bilməz.
8.Özlərindən asılı olmayan səbəblərdən xarici dil, təsviri incəsənət, musiqi və nəğmə, informatika fənlərindən, sağlamlıq vəziyyətinə görə əmək hazırlığı, fiziki tərbiyə, rəsmxət, gənclərin çağırışaqədərki hazırlığı fənlərindən şagirdlərin biliyinin qiymətləndirilməməsi onların yuxarı sinfə keçirilməsinə təsir etmir.
9.İbtidai təhsil səviyyəsində tədris proqramlarının yerinə yetirilməməsinə görə, şagirdlərin təkrar sinifdə saxlanmasına yol verilmir. Həmin şagirdlər psixoloji-tibbi- pedaqoji komissiyanın qərarı ilə digər təhsil proqramları ilə təhsilə cəlb olunurlar. İbtidai sinif şagirdlərinin təkrar sinifdə saxlanması üçün yeganə əsas uzunmüddətli xəstəlik, yaxud məktəbdən yayınma hesab edilir.
10.4 (dörd) və daha artıq fəndən illik "qeyri-kafi” qiymət alan, habelə dərs məşğələlərinə gəlmədiyi üçün biliyi qiymətləndirilməyən V-VIII və X (XI) sinif şagirdləri təkrar sinifdə saxlanılırlar.
11.1 - 3 fəndən (fənlərdən) illik "qeyri-kafi” qiymət almış V-VIII və X (XI) sinif şagirdlərinə həmin fəndən (fənlərdən) yay-tədris tapşırıqları verilir.
12.Yay-tədris tapşırıqları fənn müəllimi tərəfindən fənn üzrə müəyyən bəhs və bölmələri əhatə etməklə hazırlanır və təhsil müəssisəsinin direktoru tərəfindən təsdiq olunduqdan sonra şagirdə onun valideyninin (digər qanuni nümayəndəsinin) iştirakı ilə yazılı təqdim edilir. Yay-tədris tapşırığının bir surəti ümumi təhsil müəssisəsində saxlanılır.
13.Yay-tədris tapşırığı hər il avqustun 25-dən sentyabrın 10-dək ümumi təhsil müəssisəsinin direktorunun təsdiq etdiyi cədvəl əsasında təlim-tərbiyə işləri üzrə direktor müavininin iştirakı ilə fənn müəllimi tərəfindən ümumi təhsil müəssisəsində qəbul olunur. Şagirdin yay-tədris tapşırığını yerinə yetirməsi müəllimin suallarına verilən cavablarla müəyyən edilir və qiymətləndirilir.
14.Yay-tədris tapşırığı verilən fənlərin hər hansı birindən "qeyri-kafi” qiymət alan şagird təkrar sinifdə saxlanılır.
15.Yay-tədris tapşırıqlarının qəbulu prosesi protokollaşdırılır və şagirdə verilən qiymətə görə, onun yuxarı sinfə keçirilməsi və ya təkrar sinifdə saxlanması barədə ümumi təhsil müəssisəsinin pedaqoji şurasına təqdimat hazırlanır.
16.I-VIII və X (XI) sinif şagirdlərinin yuxarı sinfə keçirilməsi, yay-tədris tapşırıqlarının yerinə yetirilməsi vəziyyəti və şagirdlərin təkrar sinifdə saxlanması ilə bağlı məsələlər onların valideynlərinin (digər qanuni nümayəndələrinin) iştirakı ilə pedaqoji şurada müzakirə olunduqdan sonra müvafiq qərar qəbul edilir və təhsil müəssisəsi üzrə əmrlə rəsmiləşdirilir.
Azərbaycan Respublikası Təhsil Nazirinin 01 may 2014-cü il tarixli, 522 nömrəli əmri ilə təsdiq edilmişdir.