Bakıda ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alanlar üçün mentorluq proqramı təşkil ediləcək
"Baku Business Factory” (BBF) və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi birgə ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alanlar üçün mentorluq proqramı təşkil ediləcək.
Aztəhsil.com report.az-a istinadən xəbər verir ki, proqramı noyabr ayının 11-də baş tutacaq, ödənişsizdir və 2 gün davam edəcək. Tədbir BBF-in ofisində keçiriləcək
Layihənin məqsədi gənclərdə sahibkarlıq düşüncə tərzinin təşviq olunmasına köməklik edərək ölkədəki biznes mühitinin inkişafına dəstək verməkdir.
BBF-dən bildirilib ki, öz biznesinə başlamaq məqsədi olan, amma nədən və necə başlayacağına tərəddüd edən, sahibkarlığın real həyat təcrübələrini öyrənmək istəyən, Startup mərhələsində olan şagirdlər bu mentorluq proqramında iştirak edə bilər:
"Proqramda yeni biznes ideyasını həyata keçirmək arzusu tələb kimi qoyulub, həm nəzəri, həm də praktik biliklər öyrədiləcək". Dövlət Agentliyinin peşə yönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin məsləhətçisi Könül Ələkbərova bildirib ki, mentorluq proqramında iştirak üçün sahibkarlıq düşüncə tərzi olan şagirdlər seçilib:
"Bakıda 11 peşə məktəbi var, onların 7-nin şagirdi bu proqramın iştirakçısı olacaq. Hər peşə məktəbindən 3 nəfər olmaqla, 21 ən fəal şagird iştirak üçün seçilib". Xatırladaq ki, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi 2016-cı ildə Prezident İlham Əliyevin imzaladığı fərmanla yaradılıb.
Dövlət Agentliyi ilk peşə-ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edən və əlaqələndirən, Təhsil Nazirliyinin tabeliyindəki ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətini təşkil edən icra hakimiyyəti orqanıdır.
"Baku Business Factory” isə azərbaycanlı iş adamı, "Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.