Kiyevdə Müslüm Maqomayevin xatirəsinə həsr edilən konsert olub
Azərbaycanın Ukraynadakı Səfirliyinin təşkilatçılığı və təşəbbüsü ilə paytaxt Kiyev şəhərində dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq Artisti Müslüm Maqomayevin anadan olmasının 75 illiyinə həsr olunan konsert keçirilib.
Kiyevin ən məşhur mədəniyyət ocağında– Akademik Milli Opera və Balet Teatrında anşlaqla keçirilən "Sən mənim nəğməmsən” adlı konsertdə çıxış edən Azərbaycanın Ukraynadakı Səfirliyinin müşaviri Vüsal Süleymanov xalqımızın görkəmli oğlu Müslüm Maqomayevin xatirəsinə, işığına yığışanlara təşəkkür edib.
O vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi haqqında Sərəncamından irəli gələrək ölkəmizdə və xarici dövlətlərdə müxtəlif tədbirlər keçirilir. Bununla bağlı Səfirliyin təşkilatçılığı ilə Kiyevdə və Ukraynanın digər şəhərlərində də silsilə tədbirlər keçirilir.
V.Süleymanov qeyd edib ki, Müslüm Maqomayev parlaq yaradıcılığı ilə Ukraynada milyonları valeh edib.
Sonra M.Maqomayevin repertuarındakı əsərləri ifa etmək üçün Ukraynanın Xalq Artisti Vladimir Qrişko və Azərbaycanın tanınmış gənc müğənnisi Vaqif Nağıyev səhnəyə çıxıb. Hər iki müğənni Ukrayna milli orkestrinin müşahiyətilə M.Maqomayevin repertuarından mahnılar ifa ediblər.