Etibar Əliyevə daha bir RƏSMİ CAVAB: "Bu addımlar qəbulolunmazdır"
Bakı şəhəri 165 nömrəli tam orta məktəbdə rəhbərlik və nəzarətin təşkilinin yoxlanılması məqsədilə xidməti araşdırma aparılıb.
Bu barədə "Tehsil.biz"in sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib.
Qeyd olunub ki, araşdırma nəticəsində 165 nömrəli tam orta məktəbin direktoru Məmmədov Vüqar Cəfər oğlu ilə bağlanmış əmək müqaviləsi təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 25 aprel 2022-ci i tarixdən ləğv edilib:
"Hazırda 165 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nağıyev Ruslan Özbəy oğluna 3 ay müddətinə həmin məktəbin direktoru vəzifəsi üzrə əmək funksiyalarının müvəqqəti icrası həvalə edilib. Ruslan Nağıyev Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil edilmiş 2021-2022-ci tədris ili üçün ümumi təhsil müəssisələrində direktor müavinlərinin işə qəbulu üzrə müsabiqədə uğurlu nəticə göstərdiyinə görə Bakı şəhəri 252 nömrəli məktəb-liseyə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddətdə üzərinə düşən vəzifə öhdəliklərini uğurla yerinə yetirdiyinə görə və yaranmış zərurətlə əlaqədar R.Nağıyev cari ilin may ayında Bakı şəhəri 165 nömrəli tam orta məktəbə təlim–tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib".
Həmçinin oxuyun: Təhsil Nazirliyi yanında İctimai Şuradan deputata CAVAB - AÇIQLAMA
BŞTİ-dən verilən məlumata görə, Bakı şəhəri 165 nömrəli tam orta məktəbdə çalışan digər direktor müavinlərinin müəssisəyə rəhbərlik etmə və kollektivdə psixoloji durumun müsbət istiqamətə dəyişdirilməsi işində kifayət qədər təcrübəyə və potensiala malik olmadıqları nəzərə alınaraq, həmin şəxslərə məktəbin direktoru vəzifəsi üzrə əmək funksiyalarının müvəqqəti icrasının həvalə edilməsi məqsədəmüvafiq hesab edilməyib:
"2020-ci ildə elan olunmuş dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin nəticəsinə əsasən Gülalıyeva Həqiqət İmran qızı 6 dekabr 2021-ci il tarixdən 1 il müddətinə Bakı şəhəri 210 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilib. Onu da qeyd edək ki, zəruri dəqiqləşdirmə aparılmadan məktəblər və məktəb rəhbərliyi haqqında yanlış rəyin formalaşdırılmasına yönəlmiş addımlar qəbulolunmazdır".
Qeyd edək ki, ötən günlərdə Millət vəkili Etibar Əliyev 210 nömrəli tam orta məktəbə direktorun, 95 nömrəli tam orta məktəbdə direktor müavini Həqiqət Gülalıyevanın, 165 nömrəli tam orta məktəbdə isə 252 nömrəli məktəbdə cəmi 1 ilə yaxın direktor müavini işləmiş Ruslan Nağıyevin öz vəzifələrinə birbaşa təyin olunduqlarını iddia etmişdi.