Bakı məktəbliləri arasında oxu və yaradıcılıq müsabiqəsi: Mənim gündəliyim
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Mənim gündəliyim” oxu və yaradıcılıq müsabiqəsi keçirilir.
BŞTİ-dən bildirilib ki, müsabiqənin keçirilməsinin əsas məqsədi təhsilalanların mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu və yazı bacarıqlarının inkişaf etdirilməsidir. Eyni zamanda, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məktəblilərin məlumatlılıq səviyyəsinin artırılması, istedadlı və mütaliəyə marağı olan şagirdlərin vaxtında üzə çıxarılması və onlara dəstək göstərilməsidir.
İki mərhələdən (məktəb və şəhər) ibarət müsabiqədə Bakı şəhəri ümumi təhsil müəssisələrinin aşağı yaş qrupları (I-VII siniflər) və yuxarı yaş qrupları (VIII –XI siniflər) üzrə şagirdləri iştirak edəcəklər.
Birinci mərhələdə şagirdlər məktəb kitabxanalarından istifadə etməklə Azərbaycan və dünya ədəbiyyatından əsərləri oxuyaraq gündəlik hazırlayacaqlar. Şəhər mərhələsində isə şagirdlərin təqdim etdikləri gündəliklərə münsiflər heyəti tərəfindən baxış keçiriləcək, qiymətləndirmə meyarlarına uyğun olaraq ən yaxşı işlər seçiləcək.
Müsabiqənin nəticələrinə əsasən, I, II və III yerlərin hər birində 5 nəfər olmaqla, ümumilikdə 15 şagird qalib adını qazanacaq. Xüsusi fəallığı ilə fərqlənən 10 şagirdə tərifnamə, fəal iştiraka görə 25 şagirdə isə təşəkkürnamə təqdim ediləcək.
Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.