Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı ilkin olaraq hər ay keçiriləcək
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı ilkin olaraq hər ay, sonra isə tələbat nəzərə alınaraq keçiriləcək.
Bunu Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi mövzusunda keçirilən canlı yayımda sualları cavablandırarkən söyləyib.
Xatırladaq ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 28-1-ci maddəsinə uyğun olaraq dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində, lakin həmin sertifikatın qüvvədə olma müddətinin bitmə tarixindən gec olmayaraq növbəti sertifikat almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən sertifikat almalıdır.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (2016-cı il avqustun 10-dək) “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş dövlət qulluqçuları (10 ildən az qulluq stajı olan dövlət qulluqçuları), onlar daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə sertifikat almalıdırlar.