Rəhbər vəzifələrə qəbul üzrə test imtahanı LƏĞV OLUNDU
Dövlət qulluğunda AA qrupu inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə test imtahanı keçirilməyəcək.
Nazirlər Kabineti bununla bağlı “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nda dəyişiklik edib.
Qeyd edək ki, AA qrupu inzibati rəhbər (idarəetmə) vəzifələrinə dövlət orqanlarında aparat rəhbəri, dövlət orqanlarında aparat rəhbərinin müavini və şöbə müdiri, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri, fondların icraçı direktoru və direktoru, şöbə müdirinin müavini, dövlət orqanı rəhbərinin müşaviri, köməkçisi, dövlət orqanlarında aparat rəhbəri, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi, Tarif Şurasının katibi, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri rəhbərlərinin müavinləri və fondların icraçı direktorunun və direktorunun müavini, dövlət orqanlarında aparat rəhbərinin müavini vəzifələri daxildir.
Digər dəyişikliyə əsasən, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanının məzmunu isə Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının təklifləri əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən ediləcək.