Məktəb direktorları barədə İDDİA: “Dərsdə iştirak etməyən şagirdə “qayıb” yazmır ki, vəzifəsindən olmasın”
"Məktəblərdə dərsdə iştirak etməyən şagirdlərin siyahısının saxtalaşdırıldığına dair məlumatlar var. Dərsdə olmayan şagirdə "qayıb" yazmırlar. Bunu araşdırıb, müəllim və direktorlardan soruşanda mənə deyirlər ki, bunun səbəbi məktəblər arasındakı rəqabətdə yüksək pillədə qalmaq üçündür".
Oxu.Az xəbər verir ki, bu barədə hüquqşünas Şamil Paşayev AzTV-nin efirində yayımlanan proqramda qonaq olarkən uşaq əməyinin istismarı və uşaqların diləndirilməsi ilə bağlı mövzuya fikir bildirərkən deyib.
O bildirib ki, məktəblərdə dərsdən yayınan uşaqlar barəsində aidiyyəti qurumlara məlumat verilmir:
“Buna səbəb olaraq mənə deyirlər ki, məktəblər arasında belə bir qayda var. Hansı məktəbdə daha çox uşaq dərsdən yayınırsa, gələcəkdə həmin məktəbin direktoru vəzifəsindən azad edilə, hətta məsuliyyətə cəlb edilə bilər. Yəni məktəblər üzrə sıralamalarda yüksək pillədə qalmaq, yaxşı göstəricilərə imza atmaq üçün belə bir addım atılır. Yəni onlar deyir ki, bu şəkildə məlumatı saxtalaşdırırlar ki, məktəbin adı yaxşı hallansın”.