Bu tarixdən sonra COVID pasportlarının müddəti 6 ay olacaq AÇIQLAMA
Azərbaycanda vaksinasiya uğurla aparılır. Son aylarda yoluxma sayları da aşağı doğru gedir.
Amma digər ölkələrdə olan problemlərin Azərbaycanda da meydana gəlməsi mümkündür. Vəziyyəti nəzarətdə saxlamağın yeganə yolu vaksinasiyadır.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
Prezidentin köməkçisi bildirib ki, vaksinasiya 2 dozadan sonra kifayət qədər güclü qoruyucu qüvvəyə malikdir: "Ancaq həmin tədqiqatlara görə vaksinin 2-ci dozasından 4 ay sonra immunitet zəifləyir və "buster" dozanın vurulması ciddi tövsiyə edilir.
Bu proses Azərbaycanda da gedir. Bu prosesdə daha çox qoruyucu və ehtiyatlı yanaşmanı tətbiq etmək məqsədilə, ikinci dozadan sonra qoruyucu immunitetin azalmasını nəzərə alaraq hazırda istifadə olunan COVID pasportlarının, yəni vaksinasiya və immunitet sertfikatının vaxtına məhdudiyyət qoyulur.
Gələn il fevral ayının 15-dən sonra COVID pasportlarının müddəti 6 ay müəyyən edilir. İkinci dozadan 6 ay sonra COVID pasportu öz qüvvəsini itirmiş olacaq. Vaxtı keçmiş COVID pasportu ilə bəzi məkanlara daxil olmaq mümkün olmayacaq”