Xəbərlər
27 aprel 2017
4 407


DİM: “Həm 1-ci, həm də 2-ci qəbul imtahanlarına asan, orta, çətin suallar salınıb” - MÜSAHİBƏ

DİM: “Həm 1-ci, həm də 2-ci qəbul imtahanlarına asan, orta, çətin suallar salınıb” - MÜSAHİBƏ

 

Aprelin 30-da ali məktəblərin bakalavr pilləsinə qəbul olunmaq üçün II-III ixtisas qrupları üzrə  birinci (yaz) qəbul imtahanları keçiriləcək. Mayın 7-də isə I-IV ixtisas qruplarının abituriyentləri ilk qəbul imtahanı verəcəklər. 
 
Dövlət İmtahan Mərkəzinin məlumatına görə, bu il birinci qəbul imtahanında 65653 abituriyent iştirak edəcək. Onlardan 59425-i Azərbaycan, 6228-si Rus bölməsinin məzunudur.  
 
Aprelin 30-da keçiriləcək II və III ixtisas qrupları üzrə ilk qəbul imtahanında 35 429 abituriyent iştirak edəcək ki, onlardan da 18677-si II (16609-u Azərbaycan, 2067-si Rus bölməsi), 16752-si isə III  (15478-i Azərbaycan, 1274-ü Rus bölməsi) ixtisas qrupu üzrə sənəd verib. 
 
Mayın 7-də keçiriləcək I və IV ixtisas qrupları üzrə ilk qəbul imtahanında isə 30224 abituriyentin iştirakı nəzərdə tutulub.
 
Onlardan 25602-si I (23257-si Azərbaycan, 2346-sı Rus bölməsi), 4622-i isə IV (4081-i Azərbaycan, 540-ı Rus bölməsi) ixtisas qrupunu seçib.
 
Qeyd edək ki, imtahana buraxılış vərəqələri abituriyentlərə təqdim olunmağa başlayıb.
 
Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə  imtahan öncəsi modern.az-ın suallarını cavablandırıb.  
 
-Aprelin 30-da keçiriləcək ilk qəbul imtahanına sayılı günlər qalır. Məhz ilk imtahanlar zamanı abituriyentlərə təqdim olunacaq test suallarının mürəkkəb olması barədə cəmiyyətdə müəyyən  fikirlər yer almaqdadır. İmtahanların hər iki mərhələsində test tapşırıqları hazırlanarkən bu məsələlər necə tənzimlənir? 
 
-Həm birinci, həm də ikinci imtahanda suallar eyni texniki tapşırıq əsasında hazırlanacaq. Sualların çətinlik dərəcəsi hər iki imtahanda eyni olacaq. Bildiyiniz kimi, imtahandan öncə texniki tapşırıq hazırlanır və həmin o texniki tapşırıqda həm asan, həm orta, həm də çətin suallar nəzərdə tutulur. Hər iki imtahanın çətinlik dərəcələrində hər hansı bir fərq olmayacaq. 
 
-Son günlər DİM-də İctimai Şuranın yaradılması məsələsi də müzakirə olunur. Yaratmaqda məqsəd nədir? Əsasən Şuranın fəaliyyət göstərməsi nəyə xidmət edəcək?
 
-Doğru vurğuladınız. Keçən həftə İctimai Şuraya üzv olmaq istəyən namizədlərlə görüş keçirildi. Həmin görüşdə namizədlərə görəcəyi işlər və hüquq və vəzifələri barədə məlumat verildi. 
Təklif  olundu ki, razı olduqları halda 9-cu siniflərin buraxılış imtahan materiallarının emalına cəlb oluna bilərlər. Təbii ki, onlar da razılıqlarını bildirdilər. Hansı günlər ki boşdular, yoxlama prosesini müşahidə edə bilərlər. Bunun üçün  anket yazıb doldurdular. Onların siyahısı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasına təqdim olunacaq. Hələ ki  anketlərdə qeyd edilən məlumatlar araşdırılır. DİM-in  Direktorlar Şurası tərəfindən həmin şuranın üzvləri formalaşdırılacaq. Kim ki materialların emal edilmə prosesində iştirak etmək istəyir, onları müəyyən günlərdə dəvət edəcəyik ki, gəlib prosesi müşahidə etsinlər. İctimai Şura ancaq 9-cu siniflərin buraxılış imtahanlarına aiddir. 
 

DİM: “Həm 1-ci, həm də 2-ci qəbul imtahanlarına asan, orta, çətin suallar salınıb” - MÜSAHİBƏ

 

-İctimai Şura hər il imtahanlar öncəsi fəaliyyət göstərəcək?
 
-Xeyr. İctimai Şura bu il tətbiq olunacaq. Burada məqsəd ondan ibarətdir ki, ictimai iştirakçılıq təmin edilsin. DİM tərəfindən ümumi orta təhsil bazasında yeni növ buraxılış imtahanlarının keçirilməsi, materialların emalı, yazı işlərinin yoxlanılmasına ictimai nəzarətin təşkili, prosesin şəffaflığının təmin edilməsi məqsədilə İctimai Şura yaradılır. Burada əsas məqsəd də budur. İctimai Şuraya üzv olmaq üçün 40-dan artıq  QHT, təhsil eksperti, müəllim və KİV-in nümayəndəsi qeydiyyatdan keçib. 
 
-Cavabsız qalan suallardan biri də jurnalistika ixtisası ilə bağlıdır. Qabiliyyət imtahanları nə vaxt keçiriləcək?
 
-Jurnalistikaya qəbul olmaq istəyənlər 3-cü ixtisas qrupu üzrə imtahan verirlər. Müsabiqə şərtlərini ödədikləri halda, onlara icazə verilir ki, qeydiyyatdan keçsinlər. DİM-in saytında jurnalistika ixtisası seçmək istəyən abituriyentlərin qeydiyyatı adlı  əlavə bölmə yaradılacaq.  Orada abituriyentlər qeydiyyatdan keçməlidirlər. Abituriyentlər öncə test imtahanında iştirak edirlər. Müsabiqə şərtlərini ödədikləri halda, qabiliyyət imtahanına qatılırlar. 3-cü qrup üzrə minimal müsabiqə şərtləri 200 baldır. Bu, ödənişli yerlər üçündür. Minimal müsabiqə şərtlərini ödədikdən sonra qeydiyyatdan keçirlər. Qeydiyyatın vaxtı DİM-in saytında yerləşdiriləcək. Qeydiyyatdan keçəndən sonra qabiliyyət imtahanında iştirak edəcəklər. Qabiliyyət imtahanından da məqbul qiymət alanlar ixtisas seçimində jurnalistikanı da digər ixtisaslarla yanaşı göstərə bilərlər.  
 
-Bəs jurnalistika təhsilini magistratura səviyyəsində davam etdirmək istəyənlərlə bağlı nə yenilik var?
 
-Yenilik odur ki, hazırda magistraturanın qeydiyyatı aparılır. Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər. Həmin bakalavrlar aprelin 21-dən aprelin 30-dək DİM-in internet saytında qeydiyyatdan keçməli və 3-4-5 may tarixlərində qabiliyyət imtahanı verməlidirlər. Jurnalistika üzrə proqramı yalnız qabiliyyət imtahanında iştirak edən və məqbul qiymət alan bakalavrlar keçə bilərlər. Qabiliyyət imtahanları ancaq Bakıda keçiriləcək.






Загрузка...