Azərbaycanda valideynlər məktəbə direktor təyinatına etiraz ediblər
Ağsu rayon Pirhəsənli kənd tam orta məktəbində bir qrup valideyn direktor Aqil Həsənovun vəzifəsində çalışmasına etiraz edir.
Onlar iddia ediblər ki, əvvəllər Ağsu Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışan A.Həsənov işinin öhdəsindən gələ bilmədiyi üçün qurumdan çıxarılıb və məktəbə direktor təyin edilib.
Valideynlər övladlarını məktəbə buraxmayacaqlarını qeyd ediblər.
Ağsu Rayon Təhsil Şöbəsindən (RTŞ) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, rayonun Pirhəsənli kənd tam orta məktəbinə təhsil naziri Emin Əmrullayevin əmri ilə direktor vəzifəsinə təyin edilmiş Ağsu RTŞ-nin sabiq müdiri Aqil Həsənovun təqdimatına bir qrup valideyn əsassız olaraq etiraz edir və övladlarını məktəbə buraxmaq istəmirlər:
“Onların fikri belədir ki, direktor olacaq namizəd məktəb kollektivindən təyin olunmalıdır. Onlarla müvafiq qaydalara uyğun olaraq söhbətlər aparılıb, övladlarının təhsildən yayındıqlarına görə məsuliyyət daşıdıqları xatırladılıb”.
“Kənd icra nümayəndəsi və məktəb kollektivi növbəti həftənin birinci günündən şagirdlərin məktəbə davamiyyətini təmin edəcəklərinə söz veriblər”, - deyə qeyd edilib.