Kamran Əsədov : Düşünürəm ki, ölkədə artıq rəsmi alternativ imtahan təşkil edəcək quruma ehtiyac var.
Dövlət İmtahan Mərkəzi sınaq imtahanı keçirəcək.
Bu çox yaxşı haldır. Pandemiya dövründə DİM ənənəvi qaydada-kağız üzərində sınaq imtahanı keçirməmişdi.
Sınaq imtahanı imtahan iştirakçılarına təkcə biliklərini yoxlamaq yox, eyni zamanda imtahan bacarıqlarını formalaşdırmaq imkanı verir.
Şagird və abituriyentlər müəyyən edilmiş vaxt ərzində fənlərə cavabları vermək üçün vaxt bölgüsü bacarığını nümayiş etdirirlər, sual kitabçasından cavabları cavab kartına köçürmək kimi vərdişlərinə yiyələnirlər.
Bunlar çox yaxşı halıdır.
Amma yaxşş olmayan sınaq imtahanının qiymətidir.
Belə ki, 1,2,3,4-cü qrup üzrə sınaq imtahanında iştirak etmək istəyən 40 manat, 3-cü qrup abituriyenti əlavə coğrafiya fənnindən imtahan vermək istəsə 15 manat da ödəməlidir. Yəni 3-cü qrup abituriyentləri 55 manat sınaq imtahanında iştirak etmək üçün ödəniş etməlidir.
Bəli, DİM publik hüquqi şəxsdir, göstərdikləri xidmətə görə haqq müəyyən edilir, çünki resurslar sərf olunur. Amma sınaq imtahanına 55 manatlıq resurs sərf edilmir axı.
Qəbul imtahanlarında əlavə qüvvə cəlb edilir, təhlükəsizlik tədbirləri görülür ki, bunu anlamaq olar.
Lakin sınaq imtahanı 55 manata ola bilməz. Bu qiymət hər kəs üçün əlçatan deyil.
Abituriyentlər təkcə 55 manat ödəmir axı, onun digər xərcləri də yaranır.
Sınaq imtahanı 2016-cı ilə qədər 3 manat, 2020-ci ilə qədər 20, indi isə 40 + 15 manat = 55 manat olub.
Düşünürəm ki, ölkədə artıq rəsmi alternativ imtahan təşkil edəcək quruma ehtiyac var. Təkbaşına rəqabət olmur.