Xəbərlər / Saglam həyat
26 iyul 2021
1 278


Dəniz suyu kimlər üçün təhlükə mənbəyi ola bilər? - Həkim RƏYİ

Dəniz suyu kimlər üçün təhlükə mənbəyi ola bilər? - Həkim RƏYİ

 

Yay mövsümü gəldisə, hər kəs üz tutur çimərliklərə. Çimərliklərin suyu isə bir o qədər də təmiz deyil. Amma bütün bunlara rəğmən dəniz suyunun da öz faydaları var. 

Dəniz suyu qan dövranına, immun sisteminə hətta psixoloji duruma necə təsir edir?

Dəniz suyunun faydaları ilə bağlı bu və digər suallara Mərkəzi Gömrük Hospitalının pediatrı Ülkər Məhərrəmova məlumat verib.

 


Həkim deyir ki, dəniz istirahəti təkcə dincəlmək deyil, həm də sağlamlıqdır:

"Belə ki, dəniz suyu həyat tonusunu yüksəldir, bədəndə termik tənzimlənməni normaya salır, immunitetə möhkəmləndirici təsir göstərir, orqanizmin müdafiə gücünü artırır. Eyni zamanda qan dövranını yaxşılaşdırır, qırmızı qan hissəciklərinin miqdarını artırır və ürək ritmini normallaşdırır. Təsadüfi deyil ki, həkimlər dənizə getmək imkanı olmayan pasiyentlərə dəniz vannaları təyin edirlər.

Dəniz suyunda dəridən keçə bilən bütün zəruri mikroelementlər mövcuddur. Dənizdə çimməyin faydası damarların gimnastikasıdır. Suyun temperaturu bədən temperaturundan aşağı olduğuna görə damarlar genişlənir və daralır. Bir saat ərzində 5-10 dəfə suya girib çıxmaq insanın psixoloji durumunu köklü surətdə dəyişə bilir. Belə ki, dalğalar yüngül massaj effekti verir, orqanizmi oksigenlə zənginləşdirir, qan damarlarının işini yaxşılaşdırır, qan təzyiqini aşağı salır. Dəniz suyu dərinin məsamələrindən qana keçib orqanizmi minerallarla zənginləşdirir”.

Bəs suyun temperaturu hansı aralıqda olmalıdır? Həkimlər nə tövsiyə edir?

Həkimin sözlərinə görə, sağlamlıq üçün temperaturu 20-24 dərəcə olan suda çimmək faydalıdır:

"Temperatur dəyişmələri və sərin suda fiziki fəallığın artması talassoterapiyanın mütləq şərtidir. Lakin hər bir xəstəliyin müalicəsinə müəyyən temperaturlu dəniz suyu lazımdır. Artıq çəkidən əziyyət çəkənlərə mübadilə proseslərini stimullaşdıran sərin su tövsiyə olunur. İlıq su ürək yığılmaları ritmini yavaşıdır, isti su, əksinə, sürətləndirir. Temperaturu 24 dərəcədən çox olan dəniz suyunda zərərli mikroorqanizmlər sürətlə çoxalmağa başlayır.

Dəniz suyu sinir sisteminin müalicəsində istifadə olunan yod-bromla zəngindir. Bu maddənin dəniz suyunda konsentrasiyası optimaldır. Buna görə də dənizdə çimmək hətta ən əsəbi insanları sakitləşdirir. Dəniz suyunun temperaturu 26-30 dərəcədə olduqda uşaqlar dənizə girə bilərlər. Lakin saat 11.00-dan 17.00-a qədər olan müddətdə günəş vannası qəbul etmək məsləhət deyil. Bu müddət ərzində günəşin birbaşa şüaları altında 10-15 dəqiqədən artıq qalmaq olmaz. 

Dəniz suyunda yod olduğu üçün immunitet sisteminin funksiyasını dəstəkləyir və tiroidi aktivləşdirir. İnfeksiyalara qarşı, parazit, bakteriyalar və göbələkləri məhv etmək üçün orqanizmin müqavimətini artırır. Dəniz suyunun tərkibindəki maqnezium, litium və brom, beyindəki serotonin, melatonin səviyyəsinə təsir edir, depressiya, əsəbilik, yorğunluq və halsızlıq kimi problemləri müalicə edir”.

Dəniz suyunun faydaları çox olsa da zərərləri də var. Sağlamlığımıza xeyirdən çox zərər verməsini istəmiriksə, bu qaydaları yadda saxlamaqda fayda var:

- Yeməkdən sonra dərhal suya baş vurmaq məsləhət deyil. Bu, həzm sistemində problemlərə səbəb ola bilər. Sudan çıxdıqda dərhal qurulanıb çimərlik geyimini dəyişmək lazımdır;

- Dənizdə istirahət zamanı çoxlu maye qəbulu məsləhətdir. Zərərli maddələr orqanizmdə kifayət qədər maye olduğu halda su ilə dəridən çıxır. 

- Dəniz mövsümünə hazırlaşarkən həkimlə məsləhətləşmək tövsiyə olunur. Soyuq su, yanaşı xəstəlikləri olan (ürək-damar, qaraciyər, böyrək və s. xəstəlikləri) insanların sağlamlığına zərər verə bilər. Həmçinin, dəniz suyu və dəniz havası hipertoniklər, onkoloji xəstələr, infeksion xəstəlikləri olan, yoda allergiyası olan, dəri-zöhrəvi xəstəlikləri olan insanlar üçün təhlükəli ola bilər.

- Suya girməzdən əvvəl 10 dəqiqə kölgədə gəzişin ki, bədəniniz soyuq su ilə isti hava arasındakı kəskin temperatur fərqinə öyrəşsin. oxu.az 
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun: