2020-ci ilin sonuncu gününü, hətta son saatlarını yaşayırıq. Bu il bütün dünya ölkələrinin tarixində pandemiya ili kimi qaldı desək, yanılmarıq.
Bəs Azərbaycanda 2020-ci ildə pandemiya ilə əlaqədar hansı addımlar atıldı?
Demək olar ki, bu il yaşanan əksər hadisələr bütün dünyanı öz cənginə alan koronavirus pandemiyası ilə əlaqəlidir.
COVID-19 adlandırılan infeskiya 2019-cu ilin dekabr ayında ilk olaraq Çinin Uhan şəhərində yayılmağa başladı. Bu gün isə bütün dünya onunla mübarizə aparır.
Dünyada COVID-19 infeksiyası yayılmağa başladığı ilk dövrdən, xüsusilə virusun ölkəmizin sərhədlərinə yaxınlaşdığı ilk günlərdən başlayaraq, Azərbaycan hakimiyyəti çevik və bütün istiqamətlər üzrə ciddi tədbirlər həyata keçirməyə başladı
Təəssüf ki, bütün tədbirlərə baxmayaraq, virus ölkəmizə də gəlib çatdı. Bəlkə də görülən tədbirlər səbəbindən bu pandemiyada ən az itki verən ölkələr sırasındayıq.
Azərbaycanda koronavirusa ilk yoluxma 2020-ci ilin fevral ayında qeydə alındı. Elə həmin tarixdən də COVID-19-a yoluxmalar dayanmadan artmağa başladı. Bütün ölkələr kimi, Azərbaycanda da yoluxma sayının artan dinamikasına nəzarət etmək məqsədilə dövlət səviyyəsində bir sıra tədbirlər görüldü.
Onlardan ən önəmlisi insanların sağlamlığı üçün ölkə ərazisində tətbiq edilən və bu günə qədər davam edən karantin rejimi oldu.
COVID-19 və səhiyyə sistemi
Söhbət insanların sağlamlığının müdafiəsindən gedirsə, əsas yük ölkənin səhiyyə sisteminin üzərinə düşür. Həkimlərlə yanaşı, digər tibb işçiləri də koronavirsla mübarizə üçün çətin şəraitdə çalışmağa məcbur qaldılar.
Respublika ərazisində fəaliyyət göstərən xəstəxanaların böyük əksəriyyəti pandemiya ilə mübarizə çərçivəsində bağlandı və yalnız koronavirus xəstələrinə xidmət göstərdi. Bundan başqa, ölkə üzrə bir sıra modul tipli xəstəxanalar tikilərək, koronavirus xəstələrinin müalicəsi üçün istifadəyə verildi.
Xəstəxanalar müasir laboratoriyalarla təmin edildi, yoluxma hallarının müəyyənləşdirilməsi üçün testlərin geniş tətbiqinə başlanıldı. Bütün tibb müəssisələrinin texniki təminatı, xüsusi avadanlıqların, dərman preparatlarının, testlərin alınması və ölkəyə gətiriliməsi təmin edildi.
Həkimlərin xəstəxanalara səfərbər olunması, onların təchizatı məsələləri həll edildi, əməkhaqlarının 3-5 misli miqdarında əlavələrin verilməsi ilə bağlı tapşırıqlar verildi. Ölkəmizdə qoruyucu, dezinfeksiya vasitələrinin istehsalı təşkil olundu və qısa müddətdə bu sahədə olan problemlər aradan qaldırıldı.
Dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, ümumi strategiyanın həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında operativ qərargah yaradıldı və onun fəaliyyəti təşkil olundu. Hökumətin koronavirusla mübarizə sahəsində strategiyası özlüyündə bir neçə istiqaməti əhatə etdi:
Virusun yayılmasının qarşısının alınması, ölkə səhiyyəsinin və aidiyyəti infrastrukturun koronavirusla səmərəli mübarizəsi üçün tələb olunan standartlara uyğunlaşdırılması, iqtisadiyyatın dayanıqlığının təmin edilməsi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı məsələlərin həlli, vətəndaşların hərtərəfli məlumatlandırılması və maarifləndirilməsi.
Ölkədaxili vəziyyət, xarici aləmlə əlaqələr mövcud tələblərə uyğun tənzimlənməyə başladı. Hökumətin intensiv və düzgün fəaliyyəti sayəsində qısa zamanda koronavirusla mübarizəyə istiqamətləndirilən səhiyyə infrastrukturu, aidiyyəti digər dövlət qurumlarının fəaliyyət və bacarıqları ilə də əlaqələndirildi. Bu isə öz növbəsində bir çox mühüm məsələlərin həllini asanlaşdırdı.
Bu müddət ərzində Azərbaycanda koronavirusla mübarizə çərçivəsində atılan addımlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirildi. Hətta ÜST tərəfindən verilən açıqlamalarda Azərbaycanda koronavirusla bağlı mübarizənin yüksək səviyyədə təşkil olunduğu qeyd edildi.
Eləcə də ölkəmizə tibbi maskaların, digər zəruri avadanlıqların da verilməsi təmin edildi.
Xaricdə yaşayan həmvətənlərimiz ölkəyə qaytarıldı
Pandemiya ilə əlaqədar bütün ölkələrdə vəziyyət gərgin idi. Mövcud vəziyyətdə Azərbaycan hökuməti ölkədən kənarda olan vətəndaşlarımızın da sağlamlıqlarını qorumaq məqsədilə xaricdə olan vətəndaşımızın ölkəyə qaytarılması təmin edildi.
Bu istiqamətdə bir çox ölkələrdən COVID-19 testinin nəticələri mənfi çıxan vətəndaşlarımız çarter reysləri ilə Azərbaycana qaytarıldı.
Nazirlər Kabinetinin yanında operativ qərargah bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul etdi.
Karantin tədbirləri
Yay aylarında tətbiq edilən karantin tədbirləri yoluxma sayının artmasının qarşısını aldı. Belə ki, ölkə ərazisində zərurət olmadığı müddətcə vətəndaşların küçələrə çıxmasına məhdudiyyətlər qoyuldu. Yoluxmanın artmasına şərait yarada biləcək iri ticarət obyektləri, kafe və restoranların fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırıldı.
Təhsil müəssisələrində karantin tədbirləri çərçivəsində dərs cədvəlləri azaldıldı, şagirdlərin təhsil müəssisələrinə gəlişi növbəli sistemə keçirildi. Bütün təhsil müəssisələrində həftədə bir neçə dərs keçirilməsi tövsiyə edildi.
Bütün bu tədbirlərin nəticəsi olaraq, həmin dövrdə sanitar epidemoloji vəziyyət nisbətən düzəldi. Lakin, bu, çox davam etmədi.
Payız fəslinin gəlişi özü ilə bərabər virusun yayılma sürətini də artırdı. Belə olan halda Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən karantin tədbirlərinin sərtləşdirilməsi ilə bağlı qərar qəbul edildi.
Sərtləşdirilmiş karantin rejimi
Payız fəsli, mövsümi respirator xəstəliklərin başlaması virusun yayılmasına təkan versə də, yoluxma sayının artmasına səbəb olan başqa nüanslar da oldu. Vətəndaşlar ilkin mərhələdə yoluxma sayının azalmasına güvənərək karantin qaydalarına laqeyd yanaşmağa başladılar.
Karantin rejiminin sərtləşdirilməsi ilk olaraq təhsil sisteminə təsir göstərdi. Bütün təhsil müəssisələri distant təhsilə keçdi. "Virtual məktəb” layihəsi çərçivəsində müəllim və şagirdlərin tədris prosesini onlayn qaydada həyata keçirməsi təklif olundu.
Payız mövsümündə sadalanan səbəblərdən COVID-19-a yoluxma sayı yay mövsümü ilə müqayisədə dəfələrlə çox artdı. Yoluxmalarla yanaşı xəstəliyə yoluxan şəxslər arasında müxtəlif yaş qruplarından olan şəxslərin ölüm sayı da artdı.
Koronavirusla mübarizədə həyatını itirənlər arasında ictimai-siyasi xadimlər, müxtəlif qurumların nümayəndələri, icra başçıları, hətta jurnalistlər belə oldu.
Bu günə qədər Azərbaycanda koronavirusa 217 636 nəfər yoluxub. Onlardan 180 295 nəfər sağalıb, 2 609 nəfər isə vəfat edib. Hazırda ölkədə 34 732 aktiv koronovirus xəstəsi var.
Ölkədə karantin qaydalarını pozanlara qarşı ciddi tədbirlərin görülməsi virusun yayılmasının qarşısını aldı. Bu tədbirlər hazırda da davam etdirilir.
Gücləndirilmiş iş rejimi
Koronavirusla mübarizə çərçivəsində dövlət tərəfindən əhaliyə sosial yardımların verilməsi ilə bağlı müvafiq tapşırıqlar verildi. Tapşırıqlar çərçivəsində bütün qurumlar, xüsusilə səhiyyə işçiləri, polis və Daxili Qoşunlar, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə ciddi məsuliyyət düşdü.
Bütün qurumlar koronavirusla mübarizə çərçivəsində əhali arasında maarifləndirici tədbirlərə geniş yer verirdilər. Xüsusilə koronavirusla mübarizədə maarifləndirici tədbirlərin əhali arasında təbliğatının gücləndirilməsində media nümayəndələrinin də rolu böyük oldu.
Ölkə üzrə pandemiya müddətində gecə-gündüz yorulmadan, həyatını riskə ataraq xidmət aparan polislər və Daxili Qoşunların əməkdaşları əhali arasında tibbi maskadan istifadə, sosial məsafənin gözlənilməsinin yoluxma riskini nə qədər azaltdığı barədə profilaktik söhbətlər aparıb.
Artıq 2020-ci ili geridə qoyuruq. Bütün bu çətinliklərə baxmayaraq, 2020-ci il Azərbaycan tarixi üçün Qələbə ili kimi xatırlanacaq. Bu il Azərbaycan Ordusu işğal altında olan torpaqlarını geri qaytararaq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.
Son olaraq davam edən pandemik vəziyyətdə əhaliyə karantin qaydalarına ciddi riayət edilməsinə dair müraciətlər davam edir.
2021-ci ili böyük ümidlərlə qarşılayırıq. Qoy bu il sağlam, xoş müjdələrlə dolu olsun. Bu il yarım qalan bütün layihələr növbəti ildə gerçəkləşsin.
Könül Cəfərli