2 mart 2017-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Böyük Akt zalında Elm və innovasiyalar şöbəsinin və "American Academy” tədris mərkəzinin təşkilatçılığı ilə "Hər şeyi qaytarmaq olur, zamanı isə əsla” adlı seminar keçirildi.
Seminari giriş sözü ilə açan Elmi işlər üzrə prorektor, professor Asəf Zamanov zamanın dəyərli sərmayə olmasından və onun düzgün qiymətləndirilməsinin vacibliyindən bəhs etdi. Sonra professor Asəf Zamanov seminar iştirakçılarına uğurlar diləyərək sözü "American Academy” tədris mərkəzinin direktoru Elnur Tağıyevə verdi. E.Tağıyev zamanın idarə edilməsi mövzusunda geniş çıxış etdi.
Zamanın səmərəli idarə edilməsinin günün aktual problemlərindən biri olduğunu qeyd edərək belə seminarların keçirilməsinin hər birimiz üçün vacib əhəmiyyət kəsb etdiyini nəzərə çatdırdı.
O, tələbələrin diqqətini bu mövzuya yönəldərək insan hədəflərinin zamanın idarə edilməsinə mühüm təsir etdiyini vurğuladı, onlara öz hədəflərini zamanın hədəflərinə uyğun formalaşdırılmağı tövsiyə etdi.
Seminarda tələbə-gənclərin mövzu ilə bağlı sualları cavablandırılıb.