Geridə buraxdığımız həftədə təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:
Ötən həftədə müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun II turu başa çatdı
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun II turu sentyabrın 21-dən 22-si saat 23:59-dək davam edib.
Bu prosesdə builki müsabiqədə vakant yer tutmayan, 2018 və ya 2019-cu il üzrə işə qəbul imtahanında nəticəsi olan şəxslər iştirak edib.
Müddətli müqavilə üzrə müəllimlərin işə qəbulunun III turuna start verildi
Sentyabrın 28-də 2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti tura start verilib
Namizədlər 29 sentyabr saat 23:59-dək miq.edu.az saytına daxil olaraq bu turda iştirak edə bilərlər.
Ötən həftədə peşə məktəblərində işləmək istəyənlərin sənəd qəbulu yekunlaşdı
Dövlət peşə təhsili müəssisələrində işləmək istəyən ümumtəhsil və ixtisas fənn müəllimlərinin, istehsalat təlimi ustalarının işə qəbulu üzrə sənəd qəbulu başa çatıb.
Təhsil naziri İsveçrə Konfederasiyasının ölkəmizdəki səfiri ilə görüşdü
Geridə buraxdığımız gündə təhsil naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Muriyel Peneveyre ilə görüşüb.
Görüşdə Azərbaycan və İsveçrə arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Ləğv edilmiş TQDK-nin sədri Vurğun Əyyub vəfat etdi
Sentyabrın 24-də ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri, üzun illər Müsavat Partiyasının aparıcı şəxslərindən biri olmuş Vurğun Əyyub vəfat edib.
Həftənin təhsil informasiyaları
Nazirlik bu il müəllim adını qazananların sayını açıqlandı
2019-2020-ci tədris ili üzrə müddətsiz müqavilə əsasında 3260 müəllim işə qəbul olunub.
Onlardan 973 nəfər həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə, 2287 nəfər isə həvəsləndirmə tədbirləri tətbiq edilən məktəblərə işə qəbul olunub.
Elmlə məşğul olan Azərbaycan qadınlarının sayı artıb
Son 18 ildə Azərbaycanda elmi tədqiqatla məşğul olan qadınların sayı artıb.
2000-ci ildə ölkədə 3 572 qadın elmi tədqiqat və işləmələrlə məşğul olub. 2010-cu ildə bu say 5 096-a, 2018-ci ildə 5 117 nəfərə çatıb.
2010-cu ildə tədqiqat və işləmələrlə məşğul olanların 2 312-i, 2018-ci ildə isə 3 459-u sırf tədqiqatçı, qalan şəxslər isə texniklər, köməkçi heyət və s. olub.
Tədqiqatçı qadınların çoxu - 2 037 nəfəri elmin təbiət sahəsi üzrə araşdırmalar aparır. Qadınların elmdə təbiət istiqamətindən sonra daha çox araşdırma apardıqları sahə humanitardır.
Geridə buraxdığımız gündə təhsil naziri İctimai Şura üzvlərinə üzvlük vəsiqələrini təqdim edib
Təhsil naziri Ceyhun Bayramov Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşüb.
Görüşdə Təhsil naziri nazirliyin ictimaiyyətlə qarşılıqlı fəaliyyəti istiqamətində görülən işlərdən danışıb. Nazir bildirib ki, Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında təhsillə bağlı məsələlərin həllində ictimai dəstək qazanılması üçün effektiv icra mexanizminin formalaşdırılmasına xüsusi önəm verilir və yeni yaradılan İctimai Şura bu baxımdan əhəmiyyətli rola malik olacaq. Nazirlik yanında bu qurumun yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətində şəffaflığı artırmaq, təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı münasibəti gücləndirmək və maarifləndirmə işlərini genişləndirməkdir.
Görüşdə çıxış edən İctimai Şuranın üzvləri ictimaiyyət tərəfindən onlara göstərilən bu etimadı doğruldacaqlarını qeyd edib və Şuranın fəaliyyətinin təhsillə bağlı müxtəlif məsələlələrin ictimai müzakirəsinin və həllinin daha səmərəl təşkilinə xidmət edəcəyini bildiriblər.
Sonda Təhsil naziri İctimai Şura üzvlərinə üzvlük vəsiqələrini təqdim edib.
azedu.az