Buraxılış imtahanlarının birinci mərhələsi yekunlaşır
Ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi mart ayının 18-də başa çatacaq.
Aztehsil.com xəbər verir ki, martın 18-də keçiriləcək imtahan Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən və Xızı rayonlarının şagirdlərinə şamil olunacaq.
Buraxılış imtahanının birinci mərhələsi peşə liseyləri (11-ci sinif), Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri üçün də martın 18-də keçiriləcək.
Qeyd edək ki, Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi mart ayının 4-də, digər 27 bölgədə isə mart ayının 11-də baş tutub.