Aztehsil.com Modern.az-ın Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə paylaşdığı silsilə yazılarından birini təqdim edir:
Qeyd edək ki, bu il həm də Cümhuriyyət parlamentinin yüzilliyidir. Odur ki, yazılar silsiləsində həm də bu mövzuya da toxunacağıq.
Cümhuriyyət parlamentinin stenoqramlarında o dövrün mənzərəsini, siyasi-iqtisadi durumunu əks etdirən xeyli maraqlı məqamlar var. Onlardan birini hazırda sizlərə təqdim edəcəyik.
1919-cu il 12 may… ADR parlamentinin sayca 36-cı iclası… iclasın əvvəlində bir çox məsələlər müzakirə olunub. İndi növbə daha bir vacib problemin-müəllimlərin maaşının azlığı və artırılmasının vacibliyi ilə əlaqədardı. Bir neçə deputat-başda Əhməd bəy Pepinov olmaqla-bu məsələdə çox sərt çıxış edir, müəllimlərin maaşnın artırılmasını tələb edirlər. Hökuməti isə həmin parlament iclasında baş nazir Nəsib bəy Yusifbəyli təmsil edirdi. O, söz alaraq, səslənən təklifin dövlət büdcəsi ilə nə dərəcədə adekvat olduğunu vurğulayır:
"Mənə öylə gəlir ki, bu saat məvacibləri artırmaq məsələsi müzakirə edildikdə əvvəl lazımdır ki, bunu fikir etmək. Əvvəl səs verdikdə ibtidai məktəb müəllimlərinin məvacibi artırılsın, başqalarını nəzərdə tutmalıydı. İbtidai məktəblərdən ayağa qədər məvaciblər artırılmalıdır, əgər artırmasanız nizami pozarsınız. İbtidai müəllim ilə müfəttişin fərqi var, maaşlarında da tənasübən fərq olmalıdır. Əgər siz bu fərqi pozsanız, o zaman zənn edirəm, maarif işlərinin intizamını pozmuş olarsınız. Bu nəzərə alınmalıdır. İbtidai müəllimlərin maaşını artırmaqla başqalarında o faizlə artırmalı və məmurlarınınkını da artırmalıdır. Güman edirəm bunu əgər dəyişsəniz o surətdə müfəttiş tapmayacaqsınız. Tamam müfəttişlər istefa verib ibtidai məktəb müəllimi olarlar. Çünki, kənddə maaş daha az olur, iki-üç komplekt olursa, maaş daha artıq olar. Onun üçün bu qərar ilə birlikdə qalanların da qəbul etməlisiniz.
Əhməd bəy Pepinov yenidən söz alır: - Abdulla bəy tərəfindən təklif olundu ki, ali-ibtidai məktəb müəllimi ilə müfəttişlərin maaşı bərabər olsun. Bunun təfavütü beş yüz manatdır. Bunu da dünən komisyon müzakirə edib artırdı. 1500 manatı iki min manat eylədi. Yenə Abdulla bəy söylədilər ki, kargüzar 1600 manat, yazıçıya [564 - 565] 1200 manat, xidmətkara 980 manat verilsin. Bu saat kargüzar 725 manat alır 80% üzərinə artırılarsa, 1500 manat etməz. Bir də mən yenə xəbər verməliyəm ki, müfəttişlər yığıncağı olmuşdur. Keçən dekabrda özləri qəbul etdikləri qərara görə ayda 2000 manat alırlar. Yol məsarifi də 300 manat. Kargüzar 725 manat, yazıçıya 500 manat verilməsi müfəttişlərin özlərinin təklifidir. Nəsib bəyin dediyinə bir qədər artırmaq olar. Bu surətdə qeyrilərininki də artırılır. Doğrudur, bu da kifayət etməz. Maliyyə və büdcə işini nəzərə almalı, komissyon öz qərarı üzərində durub ancaq xidmətkarın məvacibini artırmaq tərəfdarıdır”.
Ən sonda Musa bəy Rəfiyev söz alır: "Möhtərəm məbuslar! Bu məsələdə haman müzakirə etdiyimiz məsələ kimi bir məsələdir. Müəllimlərin maaşlarının azlığını nəzərə alıb, onların məvacibini artırdınız. İndiki qanun layihəsi bütün qulluqçulara aiddir. Bunu hökumət bir-iki ay bundan əvvəl mülahizə edib. Məlumdur ki, [567 - 568] müxtəlif nəzarətlərdə qulluqçular başqa-başqa məvaciblər alırlar. Onun üçün hökumət bir heyət təşkil etmişdi. haman heyət qulluqçuları bir neçə dərəcəyə bölmüşdür. hər dərəcəyə bir maaş təyin etmişdi, o maaşlar ki, hökumət təklif etmişdi, onların bir çox qüsurları var idi. Bunu komisyon hökumətə geri qaytardı. Qulluqçuların müşkül halını nəzərə alıb hökumət müvəqqəti qanun tərtib vermişdir. Belə qulluqçulardan az məvacib alanlara çox maaş verilsin, çox alanlara az. Məsələn, orada deyilirdi ki, 500 alanlara 90 faiz artırılsın, komisyon isə 550 manat alanlara 90 faiz, 1000-dən 1300-dək 75 faiz, 1200-dən 1500-dək 70 faiz, 1500-dək 60 faiz, 2000-dən 2500-dək 50 faiz etmişdir. Bu qanunda bir qeyd var, bu ildə maaşları artırılanlara və parlaman tərəfindən təsdiq edilən maaşları olanlara bu qanunun dəxli yoxdur. Bir də bu maaşların mart ayının əvvəlindən artırılacağı qanunda göstərildi. Fəqət, komisyonun bu barədə rəyi başqa idi. Komisyon qərar qoymuşdu ki, maaşlar yanvarın əvvəlindən artırılsın. Fəqət, Novruz bayramı üçün verilən müavinəti-nəqdiyyə çıxılsın. Hər iki tərəfin qərarını sizə söyləməyə məcburam. Bu ayda təxminən 7-dən 8 milyonadək 5 ayda 40 milyon təfavüt eləyir. hər gah 3 ay verilsə, onda 23-24 milyon təfavüt edir. Bunuda əlavə edirəm ki, hökumət qulluqçularının doğurdan da halları çox fənadır, aldıqları məvacib kifayət etmir. Komisyon tərəfindən bu qanunun təcili surətdə qəbul edilməsini təklif edirəm”.
P.S. Bu, sonunu çıxış olur və Nəsib bəyin qətiyyəti qalib gəlir.