Məleykə Abbaszadədən abituriyentlərə XƏBƏRDARLIQ: “Sual kitabçaları qaytarılmayacaq”
“Buraxılış imtahanlarından sonra sual kitabçaları abituriyentlərə qaytarılmayacaq”.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.
O bildirib ki, bu qayda qanunvericiliklə tənzimlənir:
“Sual kitabçasındakı suallara baxmaq üçün imtahana əlavə vasitələrlə gəlmək lazım deyil. İndidən abituriyentlərə xəbərdarlıq edirəm.
Bütün beynəlxalq imtahanlarda da belədir. Hansı imtahanlarda sual kitabçaları verilir? Biz abituriyentlərin biliklərinə qiymət verməyi bacarırıq”.
“Ona görə də kimsə sual kitabçalarının çıxarılmasında maraqlı olmasın. Hətta magistratura imtahanında iştirak edən bir namizəddə belə fakt olub.
Onun balı məlum idi və imtahan kitabçasındakı sualların şəklini paylaşmışdı. Biz bunu araşdırdıq və aşkarladıq. Əmr imzalamışam, həmin şəxsin nəticələri ləğv olunacaq”, - deyə sədr əlavə edib.