Təhsil naziri Gəncədə vətəndaş qəbulu keçirəcək
Təhsil naziri Emin Əmrullayev martın 12-də Gəncə şəhərində Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl, Samux və Kəlbəcər rayonlarında qeydiyyatda olan sakinləri qəbul edəcək. Qəbulda Gəncə şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmin şəhər və rayonların sakinləri fevralın 24-dən martın 4-ü saat 18:00-dək nazirliyin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng, elektron sorğu və rəsmi vatsap xidmətinə (0512067848) müraciət etməklə videoqəbula yazıla bilərlər.
Vətəndaşlar videoqəbulun keçirildiyi otağa qəbula yazılanlar siyahısı və şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılacaqlar. Qəbulun keçirildiyi yerdə müvafiq sanitariya-gigiyena normalarına əməl olunmalıdır.